Bu maskalar sizi xəstəliyə yoluxdura bilər (VİDEO)

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər (VİDEO)

Aptekdə tibbi maska tapmayan əksər insanlar ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edir. Burada isə maraq doğuran bir məqam, bir sual var ki, evdə hazırlanan maskalar bizi hər hansı bir virusdan, hər hansı bir xəstəlikdən qoruyurmu? Ümumiyətlə bunlar standartlara cavab verirmi?

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Sakin: "20 dənə aptekə girmişəm, hətta eləsi var ki, yazıb üstünə vurub ki, maska yoxdur. Burada birinə girdim, o da 2 dənədən artıq vermədi. Bu da 2 saatlıqdır”.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil.

Cəlal İsayev – Baş infeksionist: "Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirdik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən heç olmasa ağzına salfetka tutsun, yaylıq tutsun. Həmin o maska da elə bil salfetka, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir”.

Mütəxəssislər ev şəraitində müxtəlif parçalardan hazırlanan maskalardan istifadənin yolverilməz olduğunu bildirir.

Mətanət Cəfərova – Həkim: "Bu maskalar sizi nəinki qorumur, hətta sizin üçün təhlükə törədə bilər. Çünki onlar xüsusi qoruyucu səthə malik deyillər. Bunların hətta bir neçə dəfə yuyularaq yenidən istifadəsi ümumiyətlə sizin üçün təhlükə doğura bilər”.

Eyyub Hüseynov – AİB-in sədri: "Harada gəldi, necə gəldi sanitar qaydalara uyğun olmayan, standartlara uyğun olmayan çoxsaylı maska tikilib satışa çıxarılır. Xüsusən regionlarda apteklərə verilir ki, bu da yolverilməzdir. Maskaların özünün ciddi standartları var. Və standartlara uyğun maskaları almaq lazımdır. Əks halda maska qoruyucusu adı altında saxta maska alıb başqa xəstəliklərə tutula bilərsiniz”.

Ekspertlərin sözlərinə görə, maskaların tikilməsinə, istehsal olunmasına aid bir sıra yerli və beynəlxalq tələblər var.

Eyyub Hüseynov – AİB-in sədri: "Hərə tikiş aparatını götürüb maska tikirəm deyib, müxtəlif problemlər yarada bilər. Bizə məlumatlar gəlir ki, paltar tikişində istifadə olunan bir material var, hansı ki, kimyəvi maddələr hopdurulmuş bezdir. Ondan maska tikirlər. Bu, yolverilməzdir”.

Mətanət Cəfərova – Həkim: "Bütün insanlar qoruyucu kimi adi cərrahi maskalardan istifadə edə bilərlər. Bunların yuxarı səthində əyilən bir hissə var. Sadəcə onu üz hissəyə taxarkən, həmin hissəni mütləq sürətdə bu formada qapalı olması gərəkir. Həmin hissədən hava buraxılmasın. Bu maskalar kifayət edir, bütün insanlar ümumi gündəlik həyatda bu maskadan istifadə etsinlər”.

Mütəxəssislər vətəndaşlara maska seçərkən diqqətli olmağı tövsiyə edir. Əks halda, qaş düzəltmək əvəzinə, vurub göz çıxarda bilərik.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR