Yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, sentyabrda avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində un, manna yarması, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və günəbaxan yağları, xiyar, pomidor, yerkökü, kartof, bananın qiymətlərində bahalaşma, yumru düyü, qarabaşaq yarması, limon, naringi, alma, armud, nar, qarpız, yemiş, üzüm, göyərti, şirin bibər, badımcan, göy lobya, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parça, geyim, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, məişət cihazları, kiçik elektrik cihazları, oyuncaqlar, kitablar, dəftərxana ləvazimatları, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, müalicə ləvazimatları və cihazları, minik avtomobilləri, velosipedlər, mobil telefonlar və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma olub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Sentyabr ayında avqust ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən məişət cihazları, avtomobillərin təmiri, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma, bərbərxana, kosmetoloji, stomatoloji, ictimai iaşə xidmətlərinin qiymətləri, mənzillərin icarə haqqı, kompüter və xarici dil kurslarında təhsil haqqı bahalaşıb, respublikadan kənara istirahət turlarının qiymətləri, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Şərhlər