Xəbər lenti

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar (RƏSMİ)
Ölkə 12:09 06.07.2020

Bu məzunlar buraxılış imtahanı vermədən attestat alacaqlar (RƏSMİ)

"Məlum olduğu kimi, respublikada koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi müddətinin 2020-ci il 20 iyul tarixinədək uzadılması ilə əlaqədar olaraq ölkənin bir sıra regionlarında ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb".

Qaynarinfo-nun məlumatına görə, bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında deyilir. 

Qeyd olunub ki, qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir.

"Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur. Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər. Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.

Məlumat üçün bildiririk ki, iyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə hər həftə 2 dəfə olmaqla buraxılış (qəbul) imtahanları keçirilmiş, həmin imtahanlarda ümumilikdə dörd həftə ərzində 133338 məzun iştirak etmişdir. Bununla yanaşı xüsusi karantin rejimi tətbiq edilən bir sıra şəhər və rayonlarda buraxılış (qəbul) imtahanları ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyətdən asılı olaraq təşkil ediləcək və imtahanların tarixləri barədə ictimaiyyətə əlavə olaraq məlumat veriləcək".

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə 11-ci sinif təhsil bazasında imtahan verməli olan, lakin ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlərin sayı 2785 nəfərdir.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması və həmin şəxslərin yekun qiymətləndirilməsinin aparılaraq onlara attestat verilməsi nəzərdə tutulur.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyənlər isə imtahanlarda iştirak etməlidirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->