2026 Asiya Kubokunda himni oxumağı rədd edən iranlı qadın futbolçular ölkələrində kəskin tənqidlə üzləşiblər. Futbolçuların təhlükəsizlik məsələlərinə görə narahatlığı ABŞ prezidenti Donald Trampa qədər çatıb. Tramp "Onları geri göndərmək insani səhv olar" çağırışından sonra Avstraliya hökuməti 5 oyunçuya humanitar viza verib.
Qaynarinfo xəbər verir ki, böhran 2 martda keçirilən Cənubi Koreya matçı ilə başlayıb. İranlı futbolçular qarşılaşma öncəsi himni oxumayıblar. Bu hadisə İran daxilində böyük reaksiya doğurub: bəzi konservativ şərhçilər oyunçuları "xain” olmaqda ittiham edib.
Turnirdə nəticələr də İran üçün yaxşı olmayıb: Cənubi Koreyaya 0:3, ev sahibi Avstraliyaya 0:4 və Filippinə 0:2 hesabı ilə uduzaraq qrup mərhələsində turniri tərk ediblər. Lakin meydandakı nəticələrdən daha çox futbolçuların himn etirazı müzakirə edilib. Son matçdan sonra təhlükəsizlikdən narahat olan bəzi oyunçular komandadan ayrılıb. Avstraliya polisi onları təhlükəsiz yerə aparıb və ardınca 5 oyunçu Avstraliyada qalmaq üçün müraciət edib.
Bu zaman ABŞ prezidenti Donald Tramp məsələni ictimaiyyətə çatdırıb. Tramp sosial media hesabından Avstraliya baş naziri Entoni Albaneseyə müraciət edərək bildirib: "Onları İrana geri göndərmək dəhşətli insani səhv olar. Siz qəbul etməsəniz, ABŞ qəbul edər". Bu bəyanatdan sonra Avstraliya humanitar viza verildiyini açıqlayıb.
Avstraliya daxili işlər naziri Toni Berk Fatimə Pasandideh, Zəhra Qənbəri, Zəhra Sarbalı, Atət Ramazanzadə və Mona Hamoudi adlı 5 futbolçuya humnaitar viza verildiyini bildirib. Berk qeyd edib ki, futbolçular siyasi fəal deyil, təhlükəsizlik axtaran idmançılardır.
İran komandasının digər üzvləri isə ölkələrinə dönməkdə çətinlik çəkirlər: tranzit keçid təmin edəcək ölkə tapılmayıb. Komandanın bir hissəsi Sidneydə gözləyərkən, bir futbolçu və bir məşqçinin də sığınacaq üçün müraciət etdiyi bildirilib.
Aydın
Şərhlər