İrandan buraxılaraq Türkiyə üzərində məhv edilən raketlərlə bağlı yeni detallar məlum olub. NATO sistemləri tərəfindən zərərsizləşdirilən raketlərin hər ikisinin eyni nöqtədən buraxıldığı bildirilib.
Qaynarinfo xbər verir ki, təhlükəsizlik mənbələrinin yaydığı məlumata görə, raketlər Tehran şəhərinin şərqində yerləşən bir ərazidən atılıb və təxminən 1200 kilometr uçuş məsafəsinə malik olub.
İlkin araşdırmalar göstərir ki, İranın mərkəzi idarəetmə sistemində yaranan problemlər səbəbindən bölgədə yerləşən hərbi komandanlığın əvvəlcədən verilmiş əmrləri icra etmiş ola biləcəyi ehtimal edilir.
Məlumata görə, raketlər İraq və Suriya üzərindən Türkiyə hava məkanına daxil olub və NATO-nun hava müdafiə sistemləri tərəfindən havada məhv edilib.
Hadisə ilə bağlı Türkiyə rəhbərliyi İrana ən yüksək səviyyədə xəbərdarlıq edib. Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığında Türkiyənin tərəfi olmadığı münaqişələrdən mənfi təsirləndiyini bildirib.
Ərdoğan Türkiyə hava məkanının hər hansı səbəbdən pozulmasının qəbuledilməz olduğunu vurğulayaraq ölkəsinin zəruri tədbirlər görməyə davam edəcəyini qeyd edib.
İran ittihamları rədd edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə görüşündə risk yarada biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb. İran tərəfi isə Türkiyə hava məkanına yönələn raketlərin İran tərəfindən buraxılmadığını iddia edib.
"Türkiye” qəzetinin məlumatına görə, baş verən hadisə İranın tətbiq etdiyi "mozaik müdafiə” sistemi ilə bağlı ola bilər. İddialara əsasən, ABŞ və İsrailin hücumlarının ilk günlərində İranın mərkəzi müdafiə sisteminə zərbə endirildiyi və bu səbəbdən əvvəlcədən qəbul edilmiş qərarların avtomatik şəkildə icra oluna biləcəyi ehtimal edilir.
Müdafiə planlaşdırmasına görə İranın 7–8 hərbi bölgəyə bölündüyü, mərkəzi idarəetmədə problem yarandıqda isə əvvəlki əmrlərin qüvvədə qalması nəzərdə tutulur.
Mənbələrin məlumatına görə, ikinci raket Şərqi Aralıq dənizində yerləşən NATO-ya məxsus ABŞ hərbi gəmisindən buraxılan qarşılayıcı raket vasitəsilə məhv edilib. Hər iki raketin uçuş məsafəsinin təxminən 1200 kilometr olduğu bildirilir.
Ankara İranın açıqlamalarını bölgədəki gərgin münaqişə şəraitini və "mozaik müdafiə” sistemi ehtimalını nəzərə alaraq ehtiyatla qiymətləndirir. Təhlükəsizlik mənbələri Türkiyənin mümkün təxribatlara qarşı diqqətli davrandığını bildirirlər.
Qeyd olunur ki, müharibənin regiona yayılmaması və yeni cəbhələrin açılmaması Türkiyənin əsas prioritetləri sırasındadır. Bu çərçivədə Ankara region ölkələri və o cümlədən Azərbaycan ilə diplomatik əlaqələri davam etdirir.
Təhlükəsizlik mənbələri həmçinin Türkiyənin müharibəyə sürüklənə biləcəyi heç bir ssenaridə iştirak etməyəcəyini və ölkənin soyuqqanlı siyasət yürüdərək bölgədə gərginliyin artmasının qarşısını almağa çalışdığını bildiriblər.
Günay
Şərhlər