Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
Maraqlıdır, saziş qüvvəyə mindikdən sonra iki ölkənin də iqtisadiyyatında hansı dəyişikliklər olacaqdır?
Modern.az-ın əməkdaşı bu sorğu ilə iqtisadçı Natiq Cəfərliyə müraciət edib.
Onun sözlərinə görə, imzalanan sazişdən sonra hər iki ölkənin bazarlarında ucuzlaşma müşahidə olunacaq:
"Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün 14 saziş imzalanıb. İmzalanan yeni sazişlərdə gömrük və vergi rüsumları ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub. Təbii ki, bunlar qarşılıqlı güzəştlər olacaq. Qarşılıqlı güzəştlərin olması hər iki ölkənin məhsullarının bir-birilərinin bazarlarına daha rahat və bəzi iki qat vergilərdən azad olunmuş şəkildə daxil olacaq. Bu da təbii ki, Azərbaycan məhsullarının Türkiyə bazarında və Türkiyə məhsullarının Azərbaycan bazarında ucuzlaşmasına səbəb olacaqdır. Həm də Azərbaycan məhsullarının Türkiyə bazarına daha rahat çıxış əldə etməsi üçün şərait yaradacaq”.
İqtisadçı ticarət dövriyyəsinin genişlənməsini bir hədəf kimi qarşıya qoyulduğunu qeyd etdi:
"Türkiyə tərəfdən verilən məlumata görə, yaxın 2-3 ildə ticarət dövriyəsinin 3 dəfə artrılması (15 milyard dollara çatdırılması) nəzərdə tutulur. Ona görə də bu müqavilələr hər iki ölkənin ticarət dövriyyəsinə və iqtisadiyyatına müsbət təsir edəcəkdir. Bir sözlə, bütün hallarda hər iki ölkənin ticarət dövriyyəsinin genişlənməsi bir hədəf kimi qarşıya qoyulub”.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.
Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.
Şərhlər