Hüseynbala Səlimov
29 il idi ki, gözümüz tamam yollarda qalmışdı; bu gün gələr, sabah gələr. Çox şükür, axır ki, dualarımız Tanrıya yetişdi, arzumuza çatdıq – qardaş ölkə Zimbabvenin prezidenti çox hörmətli yoldaş Emmerson Mnanqva nəhayət ki, yolunu Azərbaycandan saldı. Daha hamılıqla ölsək belə, qəti vecimizə deyil – min şükür ki, bu günü də gördük...
...Hə, nədir? Yoxsa səmimiyyətimə inanmadınız? Elə düz də etdiniz, bir azacıq şənləndirmək, güldürmək istədim Sizi, amma axıra qədər gülməli və satirik bir şey yazmağa gücüm çatmadı, çünki məndəki təhlilçi və ya araşdırmaçı vərdişi həmişə mane olur, ha çalışıram, oynaq bir şey yazım, axırda ağlamalı bir söhbət alınır...
Həm də burada çox ciddi məsələlər də var. Bir dəfə də yazmışdım, indi bir daha da qeyd edirəm ki, qoy, Afrikanın adı çəkiləndə Sizləri gülmək tutmasın. Afrikada, yaddaşım aldatmırsa, 54 müstəqil dövlət var, onların hamısı da BMT-nin üzvüdür. Deməli, bu, nə az, nə də çox, BMT-də düz 54 səs deməkdir. İndi bircə anlığa özünüz diqqət edin, görün, bizim səfir və diplomatları hansı fədakarlıq gözləyir!..
Bəli, onlar Sizdə də, məndə də və onlarda da olan stereotipləri bircə yana qoyub bu ölkələrlə işləməlidirlər ki, BMT-də səsimiz və dəstəyimiz çox olsun.
Əslində biz bu ölkələrin bir qismilə çoxdan əməkdaşlıq edirik. Bəli, onların bir qismi İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama hərəkatında və bir az əvvvəldə dediyim kimi, hamılıqla BMT - də təmsil olunublar, yəni ortada artıq təcrübə var, qalır, onu bir az da genişləndirmək və inkişaf etdirmək.
Ortada dil problemi də yoxdur, cəmi Afrika ölkələri ya fransız dilli, ya da ingilis dilli ölkələrdir, qitənin şimalında isə bizim ərəb qardaşlarımız məskunlaşıblar. Odur ki, qolları çırmalayıb onlarla da işləmək lazımdır.
Siyasət belədir, qoca Aristotel demişkən, boşluğu sevmir, harada biz yoxuqsa, bu, o demək deyil ki, orada tamam boşluqdur – yox, belə deyil, Dünyanın hər qarışı uğrunda savaş gedir. Düzdür, bu savaşı daha çox iri dövlətlər aparır, çünki onlara önəmli coğrafi nöqtələr, nüfuz sferaları və bazarlar lazımdır.
Biz kiçik dövlətik, əlbəttə ki, bu cür iddialarımız yoxdur, yetər ki, Dünyanın hər yerində bizi tanısınlar və haqq işimizə dəstək versinlər. Bir baxın, erməmilər harada yoxdur, bu axmaq millətin sorağı haradan gəlmir? Bəli, Cənublu-Şimallı Amerika, Yaxın Şərq və Qərbli - Şərqli Avropa...
Sözsüz ki, bunun da tarixi səbəbləri və spesifikası var. Tarixdə bizim üstümüzə "köçəri millət” damğası qoysalar da əslində biz yerdəyişməyi, bir yerdən başqa yerə köçməyi elə də sevmirik. Azərbaycanlıların bəzisi yalnız sovet hakimiyyəti qurulandan sonra buranı tərk etməli oldu – bəli, bu, bizim ilk müahcir dalğamız idi...
Daha sonra ikinci Dünya müharibəsindən sonra bir qism azərbaycanlılar daha geri dönə bilmədilər. Bu sayca ikinci dalğa oldu...
Nəhayət, sovetin süqutundan sonra üçüncü dalğa başladı və o, indiyədək davam edir.
Amma bütün hallarda yenə də ermənilərlə müqayisə edilən dərəcədə deyildir bu. Di gəl, bizim elə üstünlüklərimiz var ki, onlardan təəssüf ki, yetərincə yararlana bilmirik; məsələn, İranda 30 milyona yaxın soydaşımız var və bu adamlar İranın siyasi və ictimai həyatında böyük nüfuza malikdirlər və bir çox hallarda bizə böyük dəstək ola bilərlər.
Demirik ki, həmin dəstəyi qəti hiss etmirik, yox, yetərincə olmasa da, hər halda, var. Amma çox istərdik ki, nəinki iranlı soydaşlarımız, ümumiyyətlə, Dünyanın hər yerindəki azərbaycanlılar bir az da fəal və işgüzar olsunlar.
O ki qaldı bir daha Afrika məsələsinə, bu adamların da siyasətçilərini və diplomatlarını ölkəmizdə görməyə alışmalıyıq. Ən azı ona görə ki, bu il Bakı qoşulmama hərəkatına başçılıq etməyə başlayacaq – onların da çox böyük hissəsi məhz üçüncü ölkələrdir...
Odur ki, yazının əvvəlində yoldaş Mnanqva qardaşla bağlı yazdığımız bir – iki cümləni adicə bir dilxoşluğu kimi qəbul edin. Həmin cümlələrdən dərhal sonra daha ciddi şeylər yazmağa çalışdıq. Nə qədər alındı, nə qədər alınmadı – bunun qərarı artıq sizlikdir. Odur ki, hələlik – necə deyərlər, Zimbabvedə görüşənədək..
Şərhlər