Xəbər lenti

Builki imtahanlarda hərarəti olan abituriyentlərə şans veriləcəkmi?
Ölkə 18:14 08.04.2021

Builki imtahanlarda hərarəti olan abituriyentlərə şans veriləcəkmi?

 
Aprel ayının 15-dən etibarən Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının (qəbul imtahanının birinci mərhələsi) keçirilməsilə bağlı qərar açıqlanıb. 15, 16, 22, 23 və 29, 30 aprel tarixlərində ölkənin rayon və şəhərlərində keçiriləcık imtahanların aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək. 

İmtahanlarla bağlı abituriyentlər və valideynlərdə bəzi narahatlıqlar var. Bildiyimiz kimi, keçən il hərarəti yüksək olan abituriyentlər imtahanlara buraxılmamışdı.

Bu il yenə həmin hallar baş verərsə, hərarəti yüksək olan abituriyentlərin sonrakı aqibəti necə olaacq?

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə mövzu ilə bağlı Modern.az-a məlumat verib. O bildirib ki, koronavirus pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur:

"Əgər imtahan iştirakçısının bədən hərarəti 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana buraxılmır. Ümumiyyətlə, hər bir iştirakçı imtahan binasına daxil olarkən özünün və təmasda olduqları ailə üzvlərinin heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür.

Bədən hərarəti olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz. 

Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik. Lakin buraxılış imtahanları 1 neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunmuşdu. Ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək şəkildə davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz.

Qəbul imtahanlarına gəldikdə isə sanitar-epidemioloji vəziyyət əlverişli olarsa, bu imtahanların iki dəfə keçirilməsi planlaşdırılır. Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur”.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->