Xəbər lenti

Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi
Ölkə 16:28 23.04.2026

Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri xadiməyə görə cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, bir müddət əvvəl Milli Oftalmologiya Mərkəzində M.N. adlı xadimə iş zamanı yıxılaraq burnu sınıb. Xəsarət alan xanımın təzyiqi də qalxıb. 

O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Milli Oftalmologiya Mərkəzinin rəhbəri barəsində  İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Milli Oftalmologiya Mərkəzinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməyiblər və bunun səbəbləri barədə məlumat verməyiblər. 

Məhkəmənin qərarı ilə Milli Oftalmologiya Mərkəzinin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2.000 manat məbləğində cərimə edilib. 

Qeyd edək ki, 2006-cı ildən Mərkəzin direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovdur. 

Aydın
--> -->