Xəbər lenti

“Business Time” jurnalı 10 yaşını qeyd edir
Ölkə 18:11 12.02.2019

“Business Time” jurnalı 10 yaşını qeyd edir

Azərbaycanın aparıcı işgüzar nəşri olan "Business Time” jurnalının yaradılmasından 10 il keçir.

"Report”un məlumatına görə, nəşrin 10 yaşı fevralın 23-də "Buta Palace”də keçiriləcək tədbir çərçivəsində qeyd olunacaq.

Tədbirin özü isə jurnalın təsisçisi olduğu "Azeri Business Award” milli mükafatı üzrə 2018-ci ilin yekunlarına dair təqdimata həsr olunub. Qeyd edək ki, bu mükafat biznes sahəsində ən yaxşı şirkətləri nümunə göstərərək milli biznesin yeni imicini yaradır və ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir.

"Azeri Business Award” Azərbaycan bazarında milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir. Layihənin məqsədləri aşağıdakılardır:

- Özündə yüksək rentabelliyi, bazarda dayanıqlı mövqeyi və intensiv inkişafı birləşdirən, sosial-məsuliyyətli biznesin avanqardı olan şirkətlərin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində biznes-proseslərin idarə olunması üzrə əhəmiyyətli nəticələrə nail olmuş sahibkarların müəyyən olunması və mükafatlandırılması;

- Yerli biznesdə həyata keçirilən ən uğurlu layihələrin mükafatlandırılması;

- Ölkənin iqtisadi nailiyyətlərinin ümumdünya inkişaf prosesinə inteqrasiyasının dəstəklənməsi.

Tədbirdə 300-350 iş adamının, 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirlərinin, bir çox dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bundan başqa, Almaniya, Gürcüstan və Özbəkistandan olan bir qrup biznesmen də tədbirə dəvət olunub. Laureatların hamısı iqtisadiyyatın qeyri-neft sektorunu, o cümlədən inşaat və tikinti materiallarınım istehsalı, tibb, konsaltinq, iaşə, mebel istehsalı və s. sahələri təmsil edir.

Tədbirdəki təqdimatdan əvvəl banket zalının foyesində "Laureatların nailiyyətləri sərgisi” təşkil olunacaq ki, bu da böyük marağa səbəb olacaq. Bundan başqa, "Azeri Business Award” milli mükafatının tərəfdaşlarından biri olan "Porsche” şirkətinin yeni avtomobil brendinin təqdimatı da məhz bu tədbirdə baş tutacaq.

Qonaqları və laureatları canlı musiqi və ifa da gozləyir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->