Xəbər lenti

Ekonomiks 17:38 11.07.2020

"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"

Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin axınını tənzimləmək üçün xəttə buraxılan avtobusların sayını artırmaqla metronu əvəz edən ekspres marşrutları xəttə buraxıb. Lakin yenə də, müəyyən saatlarda avtobus salonlarında sıxlıqlar müşahidə olunur. Bəs bunun əsas səbəbi nədir?

Məsələ ilə bağlı 7news.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtobuslar arasında intervalları azaltmaqla və xəttə əlavə avtobuslar buraxmaqla ictimai nəqliyyatdakı yükü bir qədər azaltmaq olar: "Lakin bu da problemi tamamilə aradan qaldırmır. Sıxlıqların yaranmasına səbəb olan ən vacib amillərdən biri metronun bağlanmasıdır. İctimai nəqliyyat sektoru biri digərini tənzimləyən və balanslaşdıran canlı orqanizm kimidir. Burada metro bağlanırsa, digər nəqliyyat növünün sərnişindaşıma üzrə yükü artır".

Ekspert zaman-zaman müraciətlər edərək vətəndaşları zərurət olmadıqca evdən çıxmamağa və ictimai nəqliyyatdan istifadə etməməyə çağırdıqlarını, lakin bu çağırışlara əməl etməyənlərin olduğunu bildirir: "Xatırlayırsınızsa, insanlar bir dönəm təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Bunun bir səbəbi sürücülərdə olan eqoizm hissi idi. İndi pandemiya şəraitində nəqliyyatda süni sıxlıqlar yaradan, eləcə də qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərin bu hərəkətinin qarşısını ictimai qınaqla almaq çətindir. Qaydalara əməl olunması üçün yüksək məbləğdə cərimələrin tətbiq də cəmiyyət tərəfindən arzuolunan deyil. Sosial-maddi problemlər cərimələrin yüksək məbləğdə müəyyən olunmasına imkan vermir. Buna görə də, vətəndaşların özləri sosial məsuliyyətlərini dərk etməli, qaydalara əməl etməli və mümkün qədər ictimai nəqliyyatdan az istifadə etməlidirlər".

"Metro açılan zaman burada sıxlıqlar yaranır və yoluxma riski artır. Metro bağlandıqdan sonra isə sərnişinlər avtobuslara yönəlir ki, bu da avtobus şəbəkəsinin yükünü artırır. Fikrimcə, bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır və metronunun bağlaması yanlış qərar idi. Nəqliyyatın yükü bütün ictimai nəqliyyat arasında proporsional bölünməlidir", -deyə ekspert əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->