Xəbər lenti

Bütün Qarabağ
Ekonomiks 14:45 17.05.2024

Bütün Qarabağ "yaşıl enerji" zonası olacaq - Əlverişli şərait var, bəs mütəxəssislər?

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Dünya inkişaf etdikcə iqtisadiyyatın yeni-yeni sahələri də yaranır. Müasir dünyada yaşıl enerjiyə diqqət xüsusilə artıb. 

Azərbaycanda da son illər bu sahəyə maraq və diqqət əhəmiyyətli dərəcədə artır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf olaraq götürülüb. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji potensialı - günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci il Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. 

Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə dünyanın bir sıra dövlətlərində olduğu kimi, Azərbaycanda da yaşıl enerji ölkə iqtisadiyyatında mühüm yer tutacaq. 

Bu fonda maraqlıdır, yaşıl enerjinin ölkə iqtisadiyyatına nə kimi təsirləri ola bilər?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, hazırda yaşıl enerjiyə keçid dünyada əsas trendlərdən biridir: 

"Təbii ki, Azərbaycan da bu trendlərdən kənarda qala bilməz. Bu istiqamətdə ölkəmizdə də ciddi və böyük layihələrin həyata keçirilməsinə başlanılıb. Yaşıl enerji istehsalının yaradılmasının müsbət tərəfləri çoxdur. Onun mövcudluğu yeni iş yerləri, yeni enerji generasiyası yarada bilər". 
 


Ekspert qeyd edir ki, yaşıl enerji sahəsinin inkişafı üçün ölkəmizdə olduqca əlverişli münbit şərait mövcuddur: 

"Ölkənin elə bölgələri var ki, ilin 300 günü günəşli hava şəraitində keçir. Bu isə günış enerjisindən istifadəni optimallaşdırmaqla yanaşı, asanlaşdırır. Dənizkənarı sahil zolağında isə külək enerjisindən istifadə ölkə iqtisadiyyatına kifayət qədər effekt verə bilər". 

Bu istiqamətdə ölkəmizdə əsas problem isə həmsöhbətimizə görə, mütəxəssis yoxluğu ilə bağlıdır: 

"Azərbaycanda həmin sahə üzrə mütəxəssislər yox dərəcəsindədir. Ona görə də hazırda bu sahə üzrə mütəxəssis yetişdirilməsinə xüsusi önəm verilməlidir. Digər tərəfdən, istehsal sahələri də yoxdur. Bu sahə üzrə yerli istehsal inkişaf etdirilməsə, ölkəmiz xarici idxaldan asılı olacaq. Çalımalıyıq ki, günəş panelləri, komponentlər, təmiredici avadanlıqlar, detallar ölkə daxilində istehsal edilsin. Əks təqdirdə, həmin vasitələri idxal etməli olacağıq ki, bu da ölkədən daha çox valyta çıxışına səbəb olacaq. Ona görə də yaşıl enerji sahəsi üzrə yerli istehsala önəm verilməlidir".
  
Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->