Ceyhun Alışlı

Blogger
Yazılar
8
Bütün övladlar ataları ölən günədək böyüyürlər

Bütün övladlar ataları ölən günədək böyüyürlər

Atalar haqqında ən gözəl söz elə "Atalar sözləri”ndə deyilib: "Ata övladın yaslandığı dağdır”. 

Övlad üçün Ata ömür yoludur. İnsan öz şəxsiyyətini Ata işığında tapır. Deyinlərə görə, hər il 21 iyun, Dünya Atalar Günü kimi qeyd olunur. Bu gün atalarla yanaşı, həm də övladların günüdür. Bu gün ən çox atasızlar üçün mənəvi tətil günüdü. Ata həsrəti ilə yaşayanlar, bu gün onun xatirələrində dincəlirlər. 

Mənim üçün Ata, ömrün 25 illik səhifəsidir. 

Atam müxtəlif işlərdə çalışıb. Müəllimlikdən başlayıb, Sovxoz direktoru olub və Rayon İcra Hakimiyyətində məsul vəzifələrə qədər yüksəlib. Sovet İttifaqı dağıldıqdan sonra, əvvəlki işinə - müəllimliyə qayıdıb və bu müqəddəs peşədə yaşlanıb. O, peşəkar dövlət xadimi və pedaqoq kimi tanınıb. Bir çoxları kimi, mən də ondan öyrənmişəm. Sonradan anlamışam ki, orta məktəbdə oxuduğum zaman, sinif rəhbərim və müəllimim olmağı da mənə görəymiş. Çünki son beşik övladını gələcək həyat üçün hərtərəfli hazırlamaq, bəlkə də son arzusu idi. Onun keçdiyi həyat yolu və peşə savadı övladının sinif yoldaşları üçün də faydalı olub. Deyilməyənləri deyib, vacibləri başa salıb. Bir sözlə, sinfin də "atası” olub.  

Özümü dərk edənədək onun məqbul saydıqları ilə hesablaşmışam. Atam mənlə çox təcrübələri bölüşüb, məsləhətlər verib ki, bunu nəyə görə dediyini o vaxt bir o qədər uşaq beynim dərk etməyib. Ancaq bilirdi ki, dediklərinin hamısını nə vaxtsa dərk etmək üçün yaddaşımın bir küncündə saxlayacağam. Evdə mənimlə fikir mübadiləsi apardığı, nələrisə öyrətdiyi zaman, atamı çox vaxt harasa tələsir kimi hiss etmişəm. Sanki övladını yetişdirib, cəmiyyətə istədiyi şəkildə təhvil vermək üçün nəzərdə tutduğu "proqram”ı həyat yarıda qoya bilərdi. Adama elə gəlir, atalar övladları üçün ona görə tələsirlər ki, həyat bütün ağrı-acılarını, birinci, atasızlar üzərində sınaqdan keçirir. 

Atamın mənə izah etdiklərinin qayəsində o dayanırdı ki, ağlım da mənimlə birlikdə böyüsün, idrakım işıqlansın. Onun yandırdığı bu işıq ömür boyu həyatıma şölə saçsın. 

O, ömrünün xəstəliklə mübarizə apardığı 15 ilini sırf mənə həsr edib. Ancaq 10 il xəstəliyini hiss etməmişəm. 15 il yaddaşımda həm də daha çox iki anlamla xatırlanır: ataların səhhətində problem olsa belə, övladlar bunu bilmirlər, atalar nə qədər uzun yaşasalar da ömürləri qısa olur övladları üçün...

Atam 65 yaşında haqqın dərgahına qovuşub. Ancaq elə bilirəm 15 il yaşayıb. 

15 ildə başa düşdüm ki, Ata insan üçün həyat yoludur, haqq dünyasıdır. Anladım ki, əslində, insan dil açıb, "Ata” dediyi gündən böyüməyə başlayır. Bütün övladlar ancaq ataları ölən GÜNədək böyüyə bilirlər.

 Sonra onlar üçün həyat yoxa çıxır. Heç nəyi hiss etmirlər, içlərindən başqa... Əvvəlcə, orada gizlənib, tifilləşirlər. Bu dünyanın heç bir prinsiplərinə uyğun olmayan qeyri-adi hadisə baş verir həyatlarında: tifilliyin içində birinci, susmağı öyrənirlər, sonra danışmağı... göz yaşları içlərinə axır...

Ataların övladlar üçün yarımçıq qoyduqlarını nə vaxtsa İZAH ETDİKLƏRİ tamamlayır. İnsan yetim qalmağı da Atasından öyrənir, sadəcə xəbəri yoxdur. 

Övladlar atalarla birlikdə yetim qalırlar: ömrün sonunadək içində ən əziz bir insan - ATA daşıyırsan... 
Atamı başa düşdüm və belə sevdim!

Ceyhun Alışlı,
AZƏRTAC

OXŞAR XƏBƏRLƏR