Amal Abuşov
İdman 17:12 22.11.2021

“CBC Sport” bizdən nəyi gizlədir?

Amal Abuşov

Dünən axşam İstanbulda derbi qarşılaşması oynanırdı. Türkiyə mediasının iddialarına inansaq, "Qalatasaray” - "Fənərbaxça” derbisi dünyanın ən baxımlı derbiləri sırasında birincilərdəndi. 

Dünyada necə olduğunu demək bizim üçün çətin olsa da, Azərbaycanda bu qarşılaşmaya olan münasibəti yaxşı bilirik. İllərdi ki, "İstanbul nəhəngləri”nin duelləri Bakıda və ölkəmizin müxtəlif bölgələrində böyük maraqla izlənilir. Azarkeşlər gərgin, dava-dalaşlarla zəngin derbini izləməkdən böyük zövq alırlar. Bunun üçün kafelərin, çay evlərinin, PUB-ların yolunu tutanların sayı-hesabı olmur. Evdən çıxa bilməyənlər, yaxud da sakitlik istəyənlər internetə baş vurur. Yetər ki, "Qalatasaray”la "Fənərbaxça”nın nəfəskəsən mübarizəsini qaçırmasın.

Dünən axşam da eləydi. Bakının müxtəlif bölgələrindəki məkanlarda yerlər əvvəlcədən rezerv olunmuş, masalar tutulmuşdu. Bəli, heç də hamının zövqü eyni deyil. Kimlərsə derbilərdə futboldan çox dava-dalaşın ön planda olduğunu, oyun keyfiyyətinin aşağı düşdüyünü deyir, "İstanbul nəhəngləri”nin qarşılaşmasına və onu izləyənlərə ağız büzür. Amma bu cür mövqe sahiblərinin sayı derbini sevərək izləyənlərdən xeyli azdı. Elə ona görə də illərdi ki, mənzərə eynidi. Sözün qısası, "Qalatasaray” – "Fənərbaxça” qarşılaşmaları dəbdən düşmür, minlərlə insanı ekran başına toplayır.

Qarşılaşmanı yayımlayan telekanal da əlindən gələni edir ki, izləyənlərin könlünü oxşasın, 90 dəqiqə ərzində, ondan əvvəl və sonra baş verən heç nə onların kameralarının diqqətindən qaçmasın. Bəzən eyni görüntü müxtəlif rakuslardan dəfələrlə göstərilir, ən xırda detala qədər incələnirdi. Dünənki qarşılaşma da əvvəlki illərdə olduğu kimi gərgin keçdi. Tribunaları dolduran çılğın azarkeşlər əllərinə keçəni meydançaya, daha dəqiqini desək, "Fənərbaxça”nın futbolçuların doğru tulladı. Atılan alışqanların biri Məsut Özilin boynuna dəymişdi, dünyaca məşhur futbolçunun dərisi qızarmışdı. Futbol adına utanc verən görüntü idi. Amma görüşün yayım hüququna sahib olan telekanal "görənlər bizə nə deyir” düşüncəsiylə yaşananları ekrandan gizlətmirdi. Əksinə, qazonun kənarına düşən alışqanlardan biri böyüdülmüş formada ekrana yaxınlaşdırıldı. O cümlədən də Məsurun dərisi qızarmış boynu da. Hələ göydə uçuşan su şüşələrini demirəm. Hakimin final fitindən sonra polislər əllərindəki qalxanlarla qonaq komandanın üzvlərinin tunelə xəta-bəlasız getməsinə yardımçı oldu. Azarkeşlər polislərə doğru də kənar əşyalar atmaqdan çəkinmədilər. 

Biz bütün bunları Bakıda otura-otura görürdük. Derbinin də dadı-duzu elə bundandı. Minlərlə azarkeş bu qarşılaşmaları belə güzəştsiz mübarizəyə görə sevir, izləyir. Öz işinin peşəkarı olan türk televizyonçular da bütün detalları ona görə izləyicilərə təqdim edirlər ki, onlar da derbinin detallarından xəbərdar ola bilsinlər.

Azərbaycanda da futbol çempionatı keçirilir. Burda da derbi qarşılaşmaları olur. Bizim çempionatın da yayımçı telekanalı var. Adı da "CBC Sport”. Həmin telekanal Azərbaycan futbolunu təbliğ etməli, çempionatımızı azarkeşlərə sevdirməlidi. Mən hələ ölkədən kənardakıları demirəm, öz azərbaycanlılarımızı deyirəm. İşlərin peşəkar təşkili üçün qardaş Türkiyədən mütəxəssis də gətirilib, Volkan Üst "CBC Sport”a baş direktor təyin edilib. İndi görək, "CBC Sport” və onun türkiyəli rəhbəri Volkan bəy işinin öhdəsindən gəlirmi? Şənbə günü bizim çempionatda "Neftçi” – "Sabah” qarşılaşması oynanırdı. Telekanalın kameralarına futbolçuların tribunalarda oturan xanımları tez-tez rast gəlirdi. 90 dəqiqə ərzində onların neynədiklərini, kimin necə oturduqlarını az qala əzbərləmişdik.

"Sabah”ın 2:1 hesabı qələbəsiylə bitən qarşılaşmanın sonunda gərginlik yaşandı. "Neftçi” azarkeşləri klub rəhbərliyini istefaya çağırdı, meydana girən fanat "ağ-qaralar”ın hücumçusu Mirabdulla Abbasovla haqq-hesab çürütməyə çalışdı. "CBC Sport” neynədi? Əvvəlcə azarkeşlərin səsini "kəsdi”. Daha sonra da stadiondan görüntü dayandırıldı. Vəssalam. Volkan bəy, siz bizdən nəyi gizlədirsiz, bilmək olar?!