Cənubi Koreyada yaşayan 72 yaşlı Çoi Yeon-ca 1975-ci ildə üç yaşında ikən itkin düşən oğlunun Norveçə övladlığa verilməsi ilə bağlı hökumətə və övladlığa vermə agentliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Qaynarinfo xəbər verir ki, hadisənin 1975-ci ilin iyulunda Seul şəhərində baş verdiyi bildirilir. Çoi-nin üç yaşlı oğlu bir dostu ilə oynayarkən dərmanlama maşınının püskürtdüyü insektisid buxarını izləyərək evdən uzaqlaşıb və bir daha geri qayıtmayıb.
İllərlə davam edən axtarışlara baxmayaraq, uşağını tapa bilməyən ana, nəhayət ki, onun vəzifəli şəxslər tərəfindən xaricə övladlığa verildiyini öyrəndikdən sonra hüquqi prosesə başlayıb.
Çoi bildirib ki, Seul və ətraf bölgələrdəki bütün polis bölmələrini gəzdiyini, ölkənin ən iri övladlığa vermə agentliklərindən biri olan "Holt Children Services"ə mütəmadi gedərək oğlunun şəkillərini təhvil verdiyini, lakin hər dəfə mənfi cavab aldığını deyib.
O, mümkün uyğunluq ehtimalına qarşı DNT nümunəsini polisə təqdim etdikdən sonra öyrənib ki, oğlu itdiyi 1975-ci ilin dekabrında, yəni yoxa çıxmasından cəmi beş ay sonra Norveçə övladlığa verilib. Təxminən 50 il sonra, 2023-cü ildə Çoi nəhayət 52 yaşına çatmış oğlu ilə görüşüb.
Çoi oğlunun Norveçə verilməsi prosesinin uzun illər ziyarət etdiyi və şəkillərini təqdim etdiyi "Holt Children Services" agentliyi tərəfindən həyata keçirildiyini öyrənib.
Ana bu qurumları 1975-ci ildə itmiş oğlunun axtarılması üçün hüquqi öhdəliklərini yerinə yetirməməkdə və uşağı birbaşa dövlət nəzarətində olan beynəlxalq övladlığa verilmə sisteminə yönəltməkdə ittiham edir. Bu səbəbdən Çoi Seul Mərkəzi Rayon Məhkəməsində hökumətə və adıçəkilən agentliyə qarşı iddia qaldırıb.
Çoi həmçinin, övladlığa verilmə prosesi zamanı oğlunun yerləşdirildiyi Suvon şəhərindəki bir yetimxanaya qarşı da məhkəmə iddiası hazırlayır.
Dünyanın ən böyük övladlıq diasporası əsasən qızlardan ibarət olmaqla, təxminən 200 min Cənubi koreyalı uşağın Qərb ölkələrinə övladlığa verilməsi nəticəsində formalaşıb. 1970–1980-ci illərdə övladlığa verilmə hallarının ən çox olduğu dövrdə Cənubi Koreya hərbi hökumətləri, artan əhali və iqtisadi siyasətlər çərçivəsində qəbul etdikləri qanunlarla xaricə övlad verilməsini asanlaşdırmışdılar.
Həmin dövrdə, baxmayaraq ki, uşaqları himayəsinə götürəcək qohumlar mövcud idi, onların bir çoxu "kimsəsiz" kimi qeydə alınaraq xaricə övladlığa verilmişdi və bu səbəbdən bir çoxu bu gün bioloji ailələrinə çatmaqda çətinlik çəkir.
Avropa, ABŞ və Avstraliyaya övladlığa verilmiş 367 şəxsin şikayətləri üzrə aparılan üç illik araşdırmadan sonra Cənubi Koreya Hakikat və Barış Komissiyası, 1960–1990-cı illər arasında Qərb ölkələrinə övladlığa verilən yüzlərlə uşağın sənədlərində pozuntulara və sui-istifadə hallarına yol verildiyini təsdiqləyərək, həmin dövrün hökumətlərini məsuliyyətli elan edib.
Aydın
Şərhlər