Xəbər lenti

Dünya 18:48 10.05.2022

Cənubi Osetiyanın yeni “prezidenti” Rusiya üçün problem yarada bilərmi? (ŞƏRH)

Qondarma rejim olan Cənubi Osetiyada keçirilən "prezident seçkisi”nin qalibi "Nixas” partiyasının lideri Alan Qaqloyev olub. İlkin hesablamalara görə, o, səslərin 59 faizinji toplayıb. Hazırkı prezident Bibilov isə 37 faiz səs alıb.

Qeyd edək ki, Qaqloyev separatçı rejimin Rusiya tərkibinə qatılmasını istəməyən qüvvələrə rəhbərlik edib. Hələlik "Cənubi Osaetiyanın prezidenti” vəzifəsini daşıyan Anatoli Bibilov isə seçkiqabağı təbliğat prosesində qondarma respublikanın Rusiyaya birləşdirilməsi ideyasını ortaya atıb. O, hətta martın 30-da "respublika”nın Rusiyaya birləşməsi üçün hüquqi prosedura başlandığını da elan etmişdi. Bununla bağlı Bibilov referendum keçirməyi də planlamışdı. Amma görünən odur ki, seçkilərin qalibi qondarma rejimin "müstəqilliyinin” saxlanılmasının tərəfdarları olub. Onu da vurğulayaq ki,  keçmiş sovet məkanında separatçı rejimlərin elan etdikləri qondarma "respublika”ların Rusiyaya birləşməsi ideyası Luqansk separatçılarından gəlib. İlk olaraq məhz  "LXR” bu ideyanı gündəmə gətirib. Görünür, Cənubi Osetiyadakı  "seçkilər”də uduzan hazırkı "prezident” Bibilov da mövcud vəziyyətdə qondarma qurumun Rusiyaya birləşdirilməsi ideyasının cəmiyyətdə geniş rezonans doğura biləcəyini düşündüyündən belə bir fikri ortaya atıb. Bibilov bu ideyanı səsləndirməklə əhalinin geniş kütləsinin səsini qazana biləcəyini düşünürdü. Lakin onun məğlubiyyəti göstərdi ki, yerli əhali Rusiyanın tərkib hissəsi olmaq istəmir.  Bibilovun məğlubiyyətinin bir səbəbi də Rusiyanın Ukraynada ciddi nəticələrə nail ola bilməməsidir.

Lakin Bibilovun məğlubiyyəti həm də onu deməyə əsas verir ki, bu düşüncə heç də Kremldən qaynaqlanmır. Belə ki, Kreml həmin ideyanın gerçəkləşməsində maraqlı olsaydı, çox asanlıqla nəzarəti altında olan qondarma rejimdə istəyinə nail olar və hazırkı "prezidenti” hakimiyyətdə saxlayardı. Amma bu baş vermədi. Deməli, Rusiyaya birləşmək ideyası Bibilovun sadəcə şəxsi təşəbbüsünün məhsuludur. Buna baxmayaraq, yaranmış vəziyyətin kataklizmlərə gətirib çıxaracağı da gözlənilmir. Cənubi Osetiya bütün hallarda yenə də Rusiyanın nəzarəti altında qalmaqda davam edəcək.

Rusiya prezidenti V. Putin A. Qaqloyevi qələbə münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb:”Hesab edirəm ki, sizin bu yüksək posta sahib çıxmanız ölkələrimiz arasında dostluq əlaqələrini daha da gücləndirəcək və strateji tərəfdaşlıq prinsiplərinə uyğun olacaq”.

Qaqloyev özü də bəyan edib ki, Rusiya ilə münasibətləri inkişaf etdirəcək.

Qərbin Rusiyaya birləşməyin əleyhinə olan qondarma rejimdəki yeni "dövlət başçısı” ilə işləməsinə gəldikdə, bu da mümkün deyil. Birincisi, bu separatçı və qondarma rejimi Qərb tanımır. Digər tərəfdən, Qaqloyevin Qərbə doğru reveranslarına  Kreml də əngəl törədə bilər. Yeni "prezident” bu addıma gedərsə və yaxud, Cənubi Osetiyanı Tiflisin nəzarətinə qaytarmaq fikrinə düşərsə, Moskva onu devirə bilər. Qərb özü də indiki situasiyada bu amildən istifadə etməkdə maraqlı deyil. Bu baxımdan, qondarma rejim yenə də Rusiyanın vassalı və maşası olaraq qalacaq...

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?