Xəbər lenti

Dünya 12:57 25.04.2024

Çin Şimali Koreyadan Rusiyaya silah daşıyan gəmini limanda gizlədib - "Reuters"

Çin Şimali Koreya silahlarının Rusiyaya tədarükü ilə məşğul olan və ABŞ-ın sanksiyasına məruz qalan Rusiya yük gəmisi üçün yanalma yeri təmin edib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Britaniyanın Royal United Services Institute (RUSI) analitik mərkəzi 2023-cü ilin avqust ayından bəri Şimali Koreyaya məxsus döyüş sursatı olduğu güman edilən minlərlə konteyneri Rusiya limanlarına aparan Rusiyanın "Anqara” gəmisinin fevral ayından Çinin şərqində Çjetsyan əyalətindəki gəmiqayırma zavodunda lövbər saldığını bildirib. 

Gəminin Çin limanında olması ABŞ və müttəfiqlərinin Rusiyanın hərbi və iqtisadi dəstəyini kəsməyə çalışarkən üzləşdiyi çətinlikləri vurğulayır. Ukrayna silah-sursat çatışmazlığı ilə üzləşdiyi bir vaxtda ABŞ rəsmiləri Ukrayna müharibəsində ilkin məğlubiyyətlərdən sonra Rusiya ordusunun bərpasına Çinin kömək edəcəyi barədə getdikcə daha sərt xəbərdarlıqlar edir.

Dövlət katibi Entoni Blinkenin bu həftə Pekinə səfəri zamanı bu dəstəyin müzakirələrin əsas mövzusu olacağı gözlənilir.

ABŞ Dövlət Departamentinin sözçüsü "Anqaranın” hazırda Çin limanında dayandığına dair "mötəbər açıq mənbə məlumatlarından” xəbərdar olduğunu və məsələni Çin səlahiyyətliləri ilə qaldırdığını bildirib.

"Biz bütün üzv dövlətləri BMT Təhlükəsizlik Şurasının 2397-ci maddəsinə uyğun olaraq öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə rəsmi bildirib.

O, BMT-nin Şimali Koreya ilə ticarəti məhdudlaşdıran qətnaməsinə və BMT üzv dövlətlərinin qeyri-qanuni fəaliyyətlə məşğul olan gəmilərin qeydiyyatdan çıxarılması tələbinə istinad edib.

"Dövlət katibi Blinken bu həftə çinli həmkarları görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiya ilə KXDR arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlərə toxunacaq”, - deyə rəsmi bildirib.

Son aylarda RUSI tərəfindən San-Fransiskoda yerləşən Planet Labs PBC şirkətindən əldə edilən peyk şəkilləri "Anqara”nın Çjetsyan əyalətindəki Zhoushan Xinya Shipyard zavodunda dayandığını göstərir və zavod öz veb saytında onun ən böyük özəl gəmi təmiri şirkəti olduğunu bildirir. 
Gəmi Koreya boğazının Çinə gedən sıx hissəsindən keçərkən, ehtimal ki, təhlükəsizlik səbəbi ilə qısa müddətə işə salınan unikal Avtomatik İdentifikasiya Sistemi (AIS) transponderi ilə müəyyən edilib.

RUSI-nin məlumatına görə, ABŞ sanksiyasına məruz qalan gəmi 2022-ci ilin mayından 2023-cü ilin avqustuna qədər Şimali Koreyanın Racin limanı ilə Rusiya limanları arasında ən azı 11 tədarük həyata keçirib.

RUSI-nin tədqiqatçısı Cozef Birn deyib ki, Çin hökuməti ABŞ-ın sanksiyaya məruz qoyduğu gəminin gəmiqayırma zavodunda dayandığını bilməlidir.

"Əgər Çin "Anqara”nın limanı yoxlamadan və yeni təmirlə tərk etməsinə icazə verərsə, bu, onun Rusiya gəmilərinə qarşı heç bir tədbir görməyəcəyini göstərəcək", - Birn bildirib.

2022-ci ilin fevralında Rusiya və Çinin "məhdudiyyətsiz tərəfdaşlıq” elan etməsindən bir neçə həftə sonra Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başladıb və Vaşinqton Çindən dəfələrlə Moskvanın hərbi səylərinə kömək etməməyi xahiş edib.

Keçən həftə Blinken Çinin Rusiya müdafiə sənayesinə dəstəyini tənqid edərək bildirib ki, Pekin hazırda Moskvanın Ukraynaya qarşı müharibəsində mühüm töhfə verir və onu kritik silah komponentləri ilə təmin edir.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Şimali Koreya 2023-cü ilin sentyabrından Moskvaya 10 mindən çox konteyner sursat və ya döyüş sursatı ilə bağlı material tədarük edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->