Xəbər lenti

COVID-19 pasportu - Bizə hansı üstünlükləri verəcək?
Ölkə 10:04 14.06.2021

COVID-19 pasportu - Bizə hansı üstünlükləri verəcək?

COVID-19 virusu dünyanı cənginə almağa başladıqdan sonra son iki il ölkələr üçün dözülməz keçdi. Koronavirus pandemiyasının geniş yayılması nəticəsində dünyanın ən iri ölkələrinin səhiyyə sistemləri çökdü, iqtisadiyyatlarına böyük zərbə dəydi və ən nəhayət insanları ən yaxşı halda bu virusa yoluxdu, ən pis halda isə dünyasını dəyişdilər.

Koronavirus infeksiyasının dünyada milyonlarla insana yoluxması dünya ölkələrini hərəkətə keçməyə sövq etdi. İlk növbədə virusa qarşı atılan addımlar sərtləşdirilmiş karantin tədbirləri oldu. Bu proses dünya ölkələrində çox ağırlı, acılı keçdi və insanların geniş etirazı ilə qarşılandı. Çünki insanlar birdən-birə böyük məhdudiyyətlərlə üzləşməli oldular.

Koronavirusla mübarizənin ən uğurlu hissəsi ötən ilin sonlarına təsadüf etdi. Belə ki, inkişaf etmiş ölkələr bu virusa qarşı peyvəndlərini hazırlamağı bacardılar. Məhz peyvəndlənmə prosesinin dünyada başlamasından sonra yoluxanların və ölənlərin dünya üzrə sayı aşağı düşməyə başladı.

Koronavirusa qarşı vaksinasiya prosesi dünya ölkələrində həyata keçirilir və tədricən əhalinin bütün yaş qruplarını əhatə edir. Dünya koronavirus pandemiyası başladıqdan sonra ortaya çıxan karantin məhdudiyyətlərini ləğv etmək üçün peyvəndlənmə prosesinə üz tutub. Bu prosesdə aktiv iştirak edən bəzi ölkələr, o cümlədən Azərbaycan vaksinasiyanı uğurlu həyata keçirdikdən sonra pandemiya zamanı tətbiq olunan bir çox qadağaları aradan qaldırıb.

Koronavirus pandemiyasına qarşı ilkin vaksinlər hazırlandığı dönəmdə peyvəndlərə qarşı anti-təbliğat aparılırdı. Bunların arasında vaksinasiya zamanı insanların bədəninə çiplərin yeridilməsi, kütləvi şəkildə insanların məhv edilməsi və digər iddialar səslənirdi. Lakin zaman keçdikcə ortaya atılan iddiaların bir çoxunun həqiqəti əks etdirmədiyi məlum oldu və insanlar həqiqəti anlamağa başaldılar.

Koronavirusla bağlı dünyada bir çox vaksinlər tətbiq olunub. Bunların içində ən etibarlı və təsdiq olunmuşları bunlardır:

* Pfizer-BioNTech peyvəndi. Kod adı BNT162b2-dir. BioNTech və Pfizer şirkətləri ilə əməkdaşlıq sayəsində hazırlanıb.

* MRNA-1273 peyvəndi. Moderna şirkəti tərəfindən hazırlanıb.

* AZD1222 və yaxud Vakszevria peyvəndi. Əzələdaxili vurulan peyvənd Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanıb.

* Sputnik V peyvəndi. Elmi adı Qam-COVİD-VAC vaksinidir, əzələ daxilinə vurulur. Rusiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb.

* CoronaVac və ya Sinovac peyvəndi. Çin biofarmasevt şirkəti Sinovac tərəfindən hazırlanıb.

Vaksinlərin hazırlanmasına toxunsaq, onu demək olar ki, Sinovac peyvəndi inaktivdir. AstraZeneca və Sputnik V isə vektor bağımlı peyvəndlərdir. Birincinin hazırlanmasında şinponze adenovirusundan istifadə olunursa, digərində adenovirus tibb 26-ya üstünlük verilir. Pfizer və Moderna peyvəndləri isə renie bağımlıdır, yəni nukrionasit tərkiblidir. Adları qeyd olunan peyvəndlərin hər biri dünyanın müxtəlif ölkələrində istifadə olunur və insanların koronavirusa yoluxmaqdan qoruyur, eyni zamanda yoluxarsa, ağır keçirməsinin qarşısını alır, onların həyatlarını itirməsinə maneə olur və xəstəliyə qalib gəlməkdə böyük üstünlük verir.

Bu gün koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVID-19 pasportu almağa imkan verir. COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı” və "COVID-19 immunitet sertifikatı”. "COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.

Vaksin vurdurmaqla əldə olunan COVID pasportu kənardan qorxulu və qəribə görünsə də, əslində insanların həyatını gözləyən təhlükələri minimuma endirmək məqsədi daşıyır. Heç kimə sirr deyil ki, dünya ölkələrində, o cümlədən Azərbaycanın qonşu ölkələrində vaksinasiya prosesi həyata keçirilir. Bütün dini konfensiyaların rəhbərləri və nümayəndələri də vaksinasiya prosesini təşviq edib ki, bu yolla da inanclı insanlar arasında bu prosesə bütün şübhələr aradan qalxıb.

Bu pasporta yiyələnmiş şəxslər hazırda dini ocaqlar və idman zallarına rahat şəkildə gedə bilirlər. Lakin gələcəkdə karantin tədbirlərinin daha da yumşalması ilə qapalı və ya açıq məkanlarda müxtəlif tədbirlər, o cümlədən toy mərasimlərinin keçirilməsi COVID pasportu ilə baş tuta biləcək. Bu istənilən halda insanların öz sağlamlığına diqqətə, virusdan qorunmaq və sağlam cəmiyyət formalaşdırmağa hesablanıb. Ümid edək ki, Azərbaycan xalqı dövlətin dəstəyi və qayğısı ilə dünyanı cənginə almış bu virusdan da üzü ağ çıxacaq, necə ki, hazırda bu, baş verir.

Mənbə: Baku.ws

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->