Siyasət 15:42 24.11.2021

Üçtərəfli bəyanatın 9-cu bəndində nə yazılıb? - Hərbi ekspert

"Hesab edirəm ki, sərhədlərin delimitasiyası və Naxçıvanla kommunikasiyaların açılması istiqamətində Paşinyan ciddi bir sənədə imza atacaq. Çünki artıq məcburdur. Əgər bu dəfə də prosesləri uzatmağa cəhd edərsə, bunun Ermənistan üçün nəticələri ağır ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın baş naziri Nikol Paşinyanın "Ermənistan heç bir dəhliz yaratmaq məsələsini müzakirə etməyib” fikirlərini şərh edərkən deyib.
 
Ekspert hesab edir ki, əgər Ermənistan gələcəkdə bu tonda fəaliyyətlərini davam etdirərsə, onda Azərbaycan daha ciddi addımlar ata bilər:

"Paşinyan kifayət qədər dəyişən əhval-ruhiyyəsi ilə fərqlənən siyasətçilərdən biridir. Doğrudur, üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın Cənub rayonlarının Naxçıvanla əlaqəsinə dair dəhliz ifadəsi işlədilməyib. Buna görə də Paşinyan burada söz oyunu oynayıb. Amma bu bənddə maneəsiz hərəkət ifadəsi var. Həmin bənddə belə yazılıb: "Ermənistan Pespublikası vətəndaşları nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Yəni, Ermənistan Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşən yol üzərindən heç bir nəzarət-buraxılış məntəqəsi təşkil edə bilməz. Digər tərəfdən əgər biz Ermənistan vətəndaşlarına öz ərazimizdən, yəni Laçın dəhlizindən istifadə etməklə Qarabağa gedib-gələ bilirlərsə, bizim vətəndaşlar niyə Naxçıvana gedib-gələ bilməsin?”

Ədalət Verdiyev onu da əlavə edib ki, Ermənistanın daha əvvəl həyata keçirdiyi yanlış fəaliyyətlər məhz Qubadlı rayonunun Eyvazlı və Qazançı kəndləri ərazsində Azərbaycan tərəfini nəzarət-buraxılış məntəqələri qurmağa vadar etdi:

"İndi ordan keçən Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələri Azərbaycan büdcəsinə rüsum ödəyir. Amma bu bizim ata biləcəyimiz son addım deyil.  Daha ciddi addımlar var, gözləyək, görək bu görüşdə hansı sənədlər imzalanacaq”. 

Bahar Rüstəmli