Azərbaycan elminə ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Oktay Babazadə 82 yaşında vəfat edib.
Qeyd edək ki, O.Babazadə 1939-cu il Bakı şəhərində doğulub. 1963-cü ildə "Dağ-mədən mühəndis-geofizik” ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Cənub Elmi Tədqiqat Geofizika İnstitutunda işləyib. SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun aspiranturasında oxuyub.
"Geofiziki anomaliyalara görə Azərbaycanın yer qabığının dərinlik qırılmalarının tədqiqi” mövzusunda fəlsəfə, "Zəlzələlərin ocaq zonalarının proqnozu və seysmik geodinamikası” mövzusunda doktorluq işini müdafiə edib.
Alim tərəfindən ocaq zonalarının dərinlik yarıqlarını ayırmaq və istiqamətlərini təyin etmək üçün difraksiya dalğalarının interpretasiyası, dərinlik yarıqlarının seysmik-geofiziki göstəricələri və seysmik sərhəd relyefinə görə seysmik təhlükənin orta və uzun müddətli proqnozlaşdırılmasının korrelyasiya üsulu işlənib hazırlanıb. Zəlzələlərin proqnozu problemi ilə məşğul olub. Güclü zəlzələdən qabaq palçıq vulkanı püskürməsinin miqrasiyası hadisəsini tədqiq edib. O, Azərbaycan üçün yeni ümümi seymik rayonlaşdırma sxemini, Qafqaz-Cənub-Xəzər-İran regionu üçün seysmokinematikanın blok geodinamik və güclü zələlələrin uzunmüddətli proqnozu modelini qurub. Alim seysmik üsulların, o cümlədən əks olunan dalğaların şaquli seysmik zondlanmasının köməyi ilə kəsilişdəki kollektorları proqnozlaşdırıb və yumuşalmış süxurların inversiya sürət zonalarının müəyyən edilməsinə və əks olunan dalğa siqnallarının energetik təsəvvürlərinə əsasən flüidlə doyma dərəcəsini qiymətləndirib. Həmçinin yeni istiqamət olan struktur-ocaq seysmologiyası əsasında zəlzələlərin ocaq zonalarının seymik geodinamikası problemini tədqiq edib.
Alim 180-dən çox çap olunmuş elmi işin, 2 ixtiranın müəllifi idi. Onun rəhbərliyi altında 5 fəlsəfə doktoru yetişib.
Şərhlər