Azərbaycanın Silahlı Qüvvələri sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Düşmənin 16 komanda məntəqəsi, 250-yə yaxın tankı, çoxsaylı artilleriya qurğusu, raket sistemləri, canlı qüvvəsi məhv edildi və xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirildi.
Azərbaycan Ordusu əks-hücum əməliyyatları ilə işğal altında qalan torpaqların bir hissəsini də azad etdi. Bu isə işğala əsaslanan status-kvonun dəyişməsi ilə nəticələndi. Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünlüyü sübuta yetirildi. Eyni zamanda, düşmənə Dağlıq Qarabağ probleminin xalqımız üçün çox həssas məsələ olduğunu və torpağımızın bir qarışının belə işğalçıda qalmayacağı məntiqini də anlatdı.
Qaynarinfo xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.
Emin Bağırov deyib: "Təəssüf ki, bu problemin həllinin uzanmasında dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən məsələyə ikili standartlarla yanaşılması, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilməməsi də az rol oynamadı. Ən əsası isə ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində öz vəzifəsinin öhdəsindən gəlmədi.
Bəzi həmsədrlərin ermənilərin tərəfini saxlaması, işğal faktına göz yumması açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi ölü nöqtədən tərpətməyə imkan vermirdi. Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı.
Şübhəsiz ki, belə şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi yolla həllinə üstünlük verməsi idi. Sentyabrın 27-dən başlayaraq Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları da məhz bu məntiqə əsaslandı və vəziyyətin bu yolla dəyişdirilməsinin mümkünlüyünü sübuta yetirdi.
Burada bir məqama da diqqət yetirmək istərdim. Belə ki, indiyədək Ermənistan tərəfi danışıqlar prosesində cəbhə xəttini qondarma rejimin sərhəd xətti kimi təqdim edirdi. Həmçinin danışıqlar masasına üçüncü tərəf kimi qondarma rejimin rəhbərliyini cəlb etməyə cəhd göstərirdi. Hətta azğınlıq o həddə çatmışdı ki, düşmən yeni ərazilərimizi işğal etmək iddiasında idi. Azərbaycan Ermənistanın bütün bu hərəkətlərinə cavab verdi və onu, necə deyərlər, yerində oturtdu”.
Fəlsəfə doktoru deyib ki, artıq status-kvo, təmas xətti yoxdur. Halbuki, uzun illər idi ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir, danışıqlar prosesi imitasiya əsasında aparılırdı. Məqsəd Azərbaycan torpaqlarının Ermənistan tərəfindən tədricən ilhaqına nail olmaq idi. Otuz il ərzində qurulmuş və daim möhkəmləndirilmiş bu status-kvo Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində dağıldı, Azərbaycan işğalla heç zaman barışmayacağını bir daha sübut etdi.
Beləliklə, hazırda Azərbaycan hərbi və siyasi şərtləri diktə edir. Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan hücum diplomatiyasına əsaslanan gedişlərlə regionun geosiyasi mənzərəsi sürətlə dəyişməyə başlayır.
Hazırda istər hərbi sahədə, istərsə də diplomatiyada tamamilə başqa bir mənzərə yaranıb. Azərbaycan Prezidenti müxtəlif KİV-lərə verdiyi müsahibələrində bir daha Azərbaycan həqiqətlərini dünyaya çatdırır, Ermənistan tərəfinin beynəlxalq hüquq və normalara sığmayan siyasət yürütdüyünü, işğalçılıq əməllərindən çəkinmədiyini bildirir. Erməni tərəfi döyüşləri saxlamağa, vaxt qazanmağa çalışır. Təəssüf ki, düşmən bütün mənfur əməllərinə Azərbaycan Ordusu tərəfindən qat-qat artıq adekvat cavab veriləcəyini anlamır.
Emin Bağırov bildirib ki, vaxtilə imtina etdiyi baza prinsiplərini qəbul etməyə məcbur olan Ermənistan bu gün beynəlxalq hüquqdan danışmaq haqqının olmadığını yaxşı dərk edir. Bundan sonra aparılacaq danışıqların gedişində şərtləri Azərbaycan müəyyənləşdirəcək və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz. İmitasiya xarakterli danışıqlar da müzakirə mövzusu ola bilməz. Rəsmi Bakı yalnız nəticəyə hesablanmış danışıqların davam etdirilməsinin tərəfdarıdır. Beynəlxalq vasitəçilər və dünya birliyi də anladı ki, Dağlıq Qarabağ Azərbaycanın milli məsələsidir. Kənar təzyiqlərə rəğmən, Azərbaycan rəhbərliyi üçün milli maraqlar ən ali dəyərdir. Uzun illərdir Ermənistan tərəfdən gözardı edilən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün artıq real zəmin yaranıb.
Şərhlər