Seymur Əhməd

Blogger
Yazılar
1
Daxmadan mətbuata...

Daxmadan mətbuata...

Seymur Əhməd

Mən bir kənd müəllimi ola bilərdim. Dil-ədəbiyyat, hətta riyaziyyat müəllimi. İbtidai siniflər daha münasib olardı. 6-7 yaşlı cocuğun əlindən tutub, hərf yazdırmaq, barmaq hesabı öyrətmək, şəkillər üzərində xəyallar qurdurmaq, necə də maraqlıdı. Öyrətdiyim, dərs verdiyim uşaqlar böyüdükcə, uğurlar qazandıqca, mənim də qəlbim böyüyərdi, fərəhlənərdi. Vicdanlı müəllim olduğuma görə, tez-tez valideynlər tərəfindən təşəkkürlər, minnətdarlıqlar alardım və uşaq kimi sevincimdən uçardım. Rüşvət, xələt, hədiyyə almazdım. Nimdaş, amma təmiz kostyumla keçinərdim. Axşamlar kerosin lampasının işığında, səssiz otaqda proqram yazardım, sinif yazı işlərini yoxlayıb, qiymətləndirərdim və özüm də səhərki dərsləri təkrarlayardım... Amma bunlar olmadı.

Qismətimdə şəhər varmış. Tələbəlik və əsgəri xidmətdən sonra mətbuat, jurnalistika, publisistika!.. Sumqayıtda kirayədə yaşamaq, Azərbaycan Nəşriyyatında qələm ordusunun sıralarında addımlamaq. O dönəmdə, 2000-lərdə Azərbaycanda ciddi, cəsarətli və çox səviyyəli jurnalistika formalaşmışdı. Bəhsə-bəhs idi. İstedad sahibləri bir-birinin həvəsinə daha yaxşı, daha cəsarətli yazmağa çalışırdı. Ölümü belə gözlərinə almışdılar. (İndi o əsərdən bir neçə abzas, bəlkə də cümlə qalıb.) Dolanışıq aşağı həddən də aşağı idi. Cibimizdə yolpulu və günlük çörəkpulu olanda çox sevinərdik. Çox vaxt qəpiklərimizi bölüşərdik. Amma ruhdan düşmürdük. Aclıqdan doğulan yazılar daha oxunaqlı və ötkəm olurdu... İllər keçdi. Zaman amansızlığından əl çəkmədi. Arzularımız kimi, illərlə mətbuatda, demək olar, təmənnasız çalışan qələm dostlarım da pərən-pərən düşdü. İndi dostların bəziləri yenə ciddi mətbuatın dayaqları, aparıcı qollarıdı. Yenə güzəranları heç orta həddə də deyil. Yenə arzuladıqları cəmiyyətə qovuşa bilmirlər. Amma heç olmasa, o vaxtlar düşündüklərini, gördüklərini, qandıqlarını mətbuat aynasında olduğu kimi əks elətdirə bilirdilər. Baxmayaraq ki, 2005-də bir jurnalist qətlə yetirildi, biri neçəsi isə... (Bax, burda yenə ötüşmək məcburiyyətindəyəm.)... Lakin yaradıcılıq ruhu ölmədi o vaxtın ideyaçı, yenilikçi və mühafizəkar jurnalistlərində... Sonralar mətbuatda da hər şey adiləşdi (bəlkə də qəlizləşdi(?)). Qələmlər cılızlaşdı (bəlkə də yoğunlaşdı(?)). Yaradıcılıq ruhu zəhərləndiyindən kasıblıq da öz təsirini əməlli-başlı hiss elətdirməyə başladı. Və mən kəndə qayıtdım.

Bir il ata evi, sonra köhnə bir daxma... İki körpə və iki biz!.. Düşündüm – şəhərdə yığıb-topladığım stresi burda rahatlıqla əridərəm. Amma bu da olmadı. Xəyalımdakı sadə kənd müəllimi çoxdan psixoloji burulğana düşmüşdü. Qolları çırmayıb, torpağa girişmək lazım idi. Girişdim də. O da bir-iki il sürdü. Hegemonlar peyda oldu, xırda balıqları bir-bir udmağa başladılar... Bunların nə boyda mədəsi varmış!.. İndi xırda daşların dalında daldalanırıq. Daşlar yerindən götürülənə qədər ümid var. Ya da, daş üstə daş qoyanlar tapılacaq!.. Mən, nə istəyirəm ki – sakit və orta həyat!..

Hərdən paxıllığım tutur: Savadsız bir qonşumun üç maşını var; "hay”la ”huy”u qanmayan bir həmkəndlim cəmdəyi bütöv alır; avam bir tanışım rayon mərkəzində restoranı cüt-cüt işlədir; yaxud mətbuat öyrəncilərim hərəsi bir mətbu orqanda tanınmış simadı; sementzavodda mənlə bərabər kisə daşıyan fəhlə yoldaşım paytaxtda üç mənzil alıb... Mənimsə köhnə komam zəlzələdən çat-çat oldu, dövlətin ayırdığı pulla onu da təmir eləmədilər!.. Çoxmu çey istəyirəm?!.

Paxıllığım xoşməramlıdı. Mən də onlar kimi ola bilərdim. Sadəcə, onlar hünərli çıxdı, mənimsə fərasətim çatmadı. Boynuma alıram; yenidən doğulub, təzədən yaşasam, yenə bu günün daşıyıcısı olaram. Odur ki, həyatı düz gedəndən yox, yıxılıb-durandan, qalxıb-düşəndən öyrənərlər. Bu da bir dərsdi, deyilmi?!.

Çoxdandı mətbuata yazmırdım. Özümdən küsmüşdüm. Bəlkə də bir neçə dəfə yazdıqlarımı olduğu kimi vermədiklərindən idi bu küsgünlük. Artıq qərarlanmışam. Yazacağam. Problem çox, yazmaq da ki, çətin deyil...

OXŞAR XƏBƏRLƏR

X