Dəcəl külək və əzilmiş kapot

Dəcəl külək və əzilmiş kapot

Vüsal Bağırlı

Bəli, əvvəlcə isti külək başladı. Öz hərarətli nəfəsiylə o, səmum yelini xatırladırdı. Qəribə külək uğultu-vıyıltıyla  bütün gecəni əsib-coşdu, qəzəblə nərildədi və  səhər açılar-açılmaz səngidi.

Aşağı düşüb gördüm ki, həyətimiz budaq qırığı, çır-çırpı, ağac qabığı, küknar qozası ilə doludur. Məktəbin yanında bitmiş uca, şüvül çinarın dirsək budağı qırılmış, iki avtomobili şil-küt olmuşdu. Maşınların dəmir kapotu əzilmişdi və avtomobil sahiblərinə ciddi-ziyan dəymişdi.

Qonşulardan biri məni görən kimi şikayətlənməyə başladı:

Bu maşın başıma bəla oldu. Gürcüstandan heç bir həftə deyil gətirtdiyim, amma artıq ikinci dəfədir xərcə düşürəm. Sırağagün oğlum idarəetməni itirib onu hasara vurdu, indi də bu hadisə. Heç pulunu da düz-əməlli verib qurtarmamışam.

Yaxınlıqdakı marketin vitrin şüşəsi də çatlamışdı. Yol-boyu bir çox ağacların həssas budaqları sınıb-qırılmış,  bəziləri əyilib-bükülmüşdü. Ən qəribəsi, kiçik, nisbətən kövrək görünən bitkilər salamat qurtulmuş, iri ağaclar isə ciddi zədələnmişdi.

Sakit hava şəraiti çox davam etmədi. Gilavar, şiddətli xəzri ilə əvəz olundu.  O, özüylə çovğun, soyuq və şaxta  gətirmişdi. Bir anın içərisində havalar buza döndü. Küçə və yolları, ağacları, kolları şaxta vurdu. Buludlar sürətlə sıxlaşdı və hamının intizarda olduğu an gəlib çatdı. Qar yağmağa başladı.

Lakin, ara-sıra güclənən, bəzən yavaşıyan külək, eyni tempdə artıb-azalan qarın hər tərəfi bəm-bəyazlığa bürüməsinə mane olurdu. 

Evdə küləyin şiddəti daha aydın duyulurdu. Boş-bekar dayanmayan külək əvvəlcə, eyvandakı boş paltar vedrəsini yanı üstdə aşırıb diyirlədi. Ora-bura vurdu. Divara, qapıya çırpdı. Vedrə  elə bir taqqa-taq saldı ki, səsindən qulaq tutuldu. 

Sonra, külək burnunu karton yeşiyə soxub, içindəki köhnə qəzetləri havaya qaldırdı. Köhnə, vərəqləri saralmış qəzetlər taybatay açılaraq,  havaya milləndi, nəhəng, bədheybət kəpənəklər kimi qanad açıb uçdular. Onların bu pərvazında, sanki, fantastik, qeyri-adi, qorxunc bir çalar var idi.

Gecədən xeyli keçməsinə baxmayaraq, səs-küydən yata bilmirdim və durub otaqda var-gəl etməyə başladım. Sonra, pəncərənin qarşısında dayanıb şəhərin soyuqdan avazımış mənzərəsini, küləyin çıxardığı çılğın oyunları bir qədər izlədim.

Küləyin isə dinc, sakit dayanmaq niyyəti yox idi. Nadinc uşaqlar kimi daim vurnuxur, qəzəblə uğuldayır, məşum səslə fit çalır, bina sakinlərini üşütməyə, yatmağa hazırlaşan balaca uşaqları qorxutmağa çalışırdı. Azğın küləyin əmələ gətirdiyi güclü hava axını ağacları yırğalayır, budaqları sağa-sola tərpədir, çılpaq paltar ipini hiddətlə oynadırdı. 

Nəhayət, külək ipi tarım çəkdi, dartdı, dartdı və vıyıltıyla buraxdı. O, öz-özünə oynayan, əlindəki oyuncaq tarı dınqıldatmağa çalışan dəcəl oğlan uşağını xatırladırdı…
XƏBƏRLƏR
BLOGLAR