"Hazırda yalnız mərkəzləşmiş şəkildə verilən və rəsmi qurumların yaydığı informasiyalardan başqa, əlavə məlumat paylaşmaq, yaxud paylaşılmış məlumatı manipulyasiya etmək doğru deyil. Bu, Azərbaycanın maraqlarına ziddir”.
Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan Ordusu erməni təxribatına qarşı uğurlu əməliyyat keçirib:
"Azərbaycanın sərhədlərinə yenidən təcavüz etmək istəyən erməni hərbi birləşmələri böyük itki verərək geri çəkilib. Azərbaycan Müdafiə Nazirliyi operativ əməliyyat şəraiti və ona nəzarət barədə tez-tez açıqlama verir. Hazırkı vəziyyət ekstremal şərait deməkdir və Azərbaycan müharibə şəraitində yaşayır. Belə olduğu halda, hər bir vətəndaşın borcu hərbi sirr sayılacaq (sayıla biləcək), yaxud ordumuzun cəbhə bölgəsində, təmas xəttində dislokasiyası, ordu mənsublarının hərəkətləri ilə bağlı məlumatları yaymamaqdır. Bu, hərbi sirrin qorunması tələblərinin pozulması hesab ediləcək”.
Milli Məclisin deputatı vurğulayıb ki, hərbi sirrin qorunması, ekstremal şəraitdə davranma qaydaları barədə Azərbaycan cəmiyyətinin məlumatı və təcrübəsi var:
"Çünki biz 2016-cı ilin Aprel döyüşlərindən, 2018-ci ilin Günnüt döyüşlərindən keçib gəlmişik. Yanlış addımın nə qədər zərər verə biləcəyini hər bir azərbaycanlı dərk edir. Ötən illərin təcrübəsindən də yararlanaraq, hər birimizin öhdəsinə düşən əsas vəzifə Ali Baş Komandanın ətrafında möhkəm birləşmək və ordu hərəkətini daim izləməkdir. Bununla yanaşı, biz Azərbaycan Ordusunun təxribatlara qarşı verdiyi ləyaqətli cavabı dəstəkləməliyik”.
Şərhlər