Deputat:

Deputat: "Hər hansı bir özünü idarəetmə formasından söhbət gedə bilməz"

"Xocalı faciəsini törədənlər və onun içərisində yer alanların Azərbaycanda yeri ola bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei” qəzetinə verdiyi müsahibədə "Biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Rreferendum olmayacaq, heç vaxt" fikirlərini şərh edərkən deyib. 

Deputat qeyd edib ki, Prezidentin yanaşması tamamiyə Azərbaycanın bu günü, gələcəyinə, onun prespektivliyinə hədəflənən, xalqın maraqlarına, dövlətinin mənafeyini özündə ifadə edən yanaşmadır:

"Prezident Yaponiyanın "Nikkel” qəzetinə müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirdi. Hər hansı bir referendumdan söhbət gedə bilməz. Cəbhədə əsgər və zabitlərimiz, silahlı qüvvələrimiz öz özünü deyir, möhürünü vurur. Bu məsələ elə bir şəkildə həll olunmalıdır ki, gələcəkdə hər hansı şəkildə yenidən təkrarlanmasın. Fikrimcə, hər hansı muxtariyyətdən söhbət gedə bilməz. Ona görə də əgər Dağlıq Qarabağın ərazisində yaşayan ermənilər Azərbaycanda yaşamaq istəsələr, onlar Azərbaycan qanunlarına riayət etməlidirlər. Azərbaycanın bayrağını öpməli, onun qarşısında diz çökməlidirlər. Bütün ruhları ilə bu bayrağa, dövlətə, ölkə qanunlarına, onun konistitutsiyasına Azərbaycan vətəndaşı kimi xidmət edəcəklərsə, yaşaya bilərlər. Yox, faşist düşüncəli Ermənistan dövlətinin başlarını özlərində daşıyacaqlarsa, sakit şəkildə Azərbaycandan çıxıb getməlidir. Bu Azərbaycan xalqının uzun illərdən bəri yaşamış, böyük faciələrdən keçərək bu günə gəlmiş olduğu hadisələrin məntiqinə söykənən obyektiv və ədalətli yanaşmadır”.

Deputat hesab edir ki, Xocalı faciəsinin törədənlər və onun içərisində yer alanların Azərbaycanda yeri ola bilməz:

"Kim bu proseslərdə iştirak edibsə cinayətkarlardır və onlar Azərbaycan qanunları çərçivəsində cəzalanacaq. Adi insanlar bütün bu baş verənlərdən uzaq olublarsa və faşist düşüncəli Ermənistanın yanında deyillərsə, onlar ölkəmizdə həmin şərtlər çərçivəsində yaşaya bilərlər. Hər hansı bir muxtariyyətdən, özünü idarəetmə formasından söhbət gedə bilməz”.

Qeyd edək ki, Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibə verib. Prezident müsahibəsində bunları deyib:

"Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var.

Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt", - deyə dövlət başçısı qeyd edib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR