COVID-19 pandemiyası dünya iqtisadiyyatını böhrana sürükləməkdədir. Bir çox ölkələrdə karantin rejimi ticarət, turizm, ictimai iaşə və bir sıra digər sektorların fəaliyyətinə məhdudiyyətlərin qoyulmasına və bununla da özəl sektorun gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb. Eləcə də, istehsalın bir hissəsinin dayanması, nəqliyyata müəyyən məhdudiyyətlərin tətbiqi də neftə olan tələbi azaltmaqla qiymətlərdə enmələrə səbəb olub.
Bir sıra nəhəng enerji şirkətləri azalan gəlirlər fonunda xərclərini optimallaşdırmağa başlayıb. Məsələn, ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən optimallaşdırma çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini bildirib. Böyük Britaniya mərkəzli BP şirkəti isə ümumi işçilərinin 15%-i olmaqla 10 min personalını işdən çıxaracağını açıqlayıb.
ABŞ-ın digər neft şirkəti "Halliburton" isə təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.
Bəs SOCAR işçiləri ixtisar etməklə xərclərini optimallaşdıra bilərmi?
Məsələ ilə bağlı "APA-Economics”ə açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev neft qiymətlərinin ucuzlaşmasına müxtəlif iqtisadi və siyasi amillərin təsir etdiyini, bu dəfə isə pandemiya şəraitinin dünya birjalarında neft qiymətlərini kəskin ucuzlaşdırdığını bildirib: "İlk olaraq dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çində 40-45% həcmində istehsalın dayanması, eləcə də dünyanın bir çox ölkələrində iqtisadiyyatın bir çox sahələrində fəaliyyətin dayanması neft qiymətlərinin sürətlə düşməsinə səbəb oldu. Ucuz neft qiymətləri bir çox ölkələrə, həmçinin Azərbaycan iqtisadiyyatına təsir etməklə valyuta gəlirlərini azaltdı. Əgər dövlətin ümumi neft gəlirləri azalıbsa, bu zaman neft ixracatında əsas oyunçu kimi SOCAR-ın da gəlirlərinin azalması qaçılmazdır".
Millət vəkili deyir ki, artıq "Chevron", BP kimi dünyanın ən iri enerji şirkətləri gəlirlərin azalması fonunda xərclərini optimallaşdırmağa başlayıb: "Sözügedən enerji nəhəngləri optimallaşdırma çərçivəsində planlı şəkildə 10-15% hədlərində işçi ixtisarlarını nəzərdə tutub. Qəbul etmək lazımdır ki, yerli neft şirkəti kimi SOCAR-ın da ötən illərdəki kimi çalışması və eyni həddə gəlir əldə etməsi mümkün deyil. Müəyyən xərclərin azaldılması və kadrların optimallaşdırılması isə təbii haldır. Şirkət itkilərlə üzləşdiyi vaxtda bu kimi xərclərdə azalma və optimallaşmaya getməlidir. Lakin SOCAR tərəfindən işçilərin hər hansı bir ixtisarı aparılmır. Bu da təsadüfi deyil ki, SOCAR dövlət şirkəti olaraq sosial məsuliyyətini dərk edir və digər xarici enerji şirkətləri kimi mövcud iqtisadi vəziyyətə bu formada reaksiya göstərmir".
"Lakin xərclərin azaldılması və kadrların optimallaşdırılması ilə bağlı müəyyən formada hər hansı addımlar atılacaq. Bu, qaçılmaz bir məsələdir. Biz özümüzü pandemiya yoxmuş kimi apara bilmərik, "gəlirlər azalmır, iqtisadiyyat ötən ilki kimi inkişafdadır" deyə bilmərik. Təbii ki, buna göz yummaq olmaz. Xarici şirkətlərdən fərqli olaraq bizim sosial-iqtisadi qanunlarımız var və dövlət olaraq insanlara münasibət başqa cürdür. Lakin SOCAR-ın müəyyən formada xərclərinin kompensasiya edilməsinin bir yolu da işçilərin ixtisara salınmasıdır. Bu, 2-3 aylıq əməkhaqqının verilməsi ilə işçilərin bir hissəsini işdən azad edilməsi yolu ilə aparıla bilər", - deyə ekspert vurğulayıb.
Şərhlər