Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
Qaynarinfo xəbər verir ki, APA-nın araşdırması nəticəsində Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun daha bir neçə nəfərə külli miqdarda borcu olduğu məlum olub. Həmin şəxslərin hamısı müxtəlif instansiya məhkəmələrinə müraciət edib. Onların bir çoxu məhkəmədə deputatı udub, digərlərinin işi isə hazırda məhkəmə icraatındadır. Belə ki, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev deputat və qardaşı ilə bağlı şikayət verən şəxslərdən biridir. Onlar Bakıda özlərinə iş qurmaq adı ilə "Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Novxanı yolu ilə Mehdiabad-Fatmeyi yolunun kəsişməsində yerləşən 5 mərtəbəli binadan 150 min manat dəyərində qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan yer alıblar. Həmin şirkətin qeyri-rəsmi Rəfael Cəbrayılovun olduğu, rəsmi direktor kimi isə onun qardaşı Elşən Cəbrayılovun qeyd edildiyi bildirilir.
Zərərçəkənlərin nümayəndəsi bildirib ki, 2009-cu ildə rəsmi müqavilə ilə alqı-satqı olunub: "Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edilib. Daha sonra müvəkkillərim ölkədən gedib. 2016-cı qohumların vəfatı ilə bağlı Bakıya gələndə özlərinə məxsus qeyri-yaşayış sahəsinin yanından keçəndə üzərində "satılır” yazısını görüblər. Bu məsələni araşdırmaq üçün "Dərhal” MTK-nın ofisinə müraciət ediblər. Aldadıldıqlarını başa düşüb məhkəməyə müraciət ediblər”.
Nümayəndə bildirib ki, Binəqədi Rayon Məhkəməsi onların iddiasını təmin edib: "Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun "Dərhal” MTK-dan alınaraq Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilib. Lakin dəymiş ziyan indiyə qədər ödənilməyib”.
Nümayəndənin bildirdiyinə görə, "Dərhal” MTK-nın yeganə qurbanı onun müvəkkili olmayıb: "Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov "Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq külli miqdarda pullarını mənimsəyiblər”. Vəkil qeyd edib ki, bütün bu məsələlərlə bağlı dəfələrlə Milli Məclisinin deputatı Rəfael Cəbrayılovla danışıq aparılsa da, zərərçəkənlərin pulu qaytarılmayıb: "Rəfael müəllimlə dəfələrlə telefon danışığımız olub, bir dəfə də görüş keçirilib. Özü bizə dedi ki, iki həftə ərzində məsələni həll edəcək. Sonra da dedi ki, Azərbaycanda deyil, 1 həftəyə gəlib məsələni öz yoluna qoyacaq. Sonra dedi ki, pulu hüquqşünasları mənimsəyib, ona ödətdirəcəklər. Min bir bəhanə gətirdilər, lakin sonradan telefonumuzu belə götürmədilər. Qardaşı isə tapılmır”.
Nümayəndə bildirib ki, hazırda iş Binəqədi rayon icra şöbəsindədir: "İcraatla bağlı Elşən Cəbrayılov tapılmadığına görə barəsində axtarış verilmişdi. O, məcburi qaydada məhkəməyə gətirildi, lakin həbs edilmədi. Məhkəmə inzibati həbslə bağlı qərarında qeyd elədi ki, müəssisənin əmlakı var. Həmin pul əmlakdan müsadirə edilməklə ödənilsin. Lakin hələ də bir nəticə yoxdur”.
Məlumatlara görə, deputat hazırda müflisləşib. Hətta bəzi əmlaklarını sataraq borc sahiblərinə verib. Lakin hazırda onun daha bir neçə nəfərə külli miqdarda borcu qalır.
Deputatın qardaşı, "Dərhal" MTK-nın rəhbəri Elşən Cəbrayılov telefon zənglərinə cavab verməyib. Onun hazırda ölkə xaricində olduğu bildirilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov haqqında yazılan xəbərlərə münasibət bildirib. Bununla bağlı APA-nın sorğusunu cavablandıran deputat bildirib ki, son dövrlərdə "ona qarşı iyrənc ləkələmə kampaniyası" gedir: "Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Araşdırma aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir. Son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşlarım, habelə özümlə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır. Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacağam. Mənim və qardaşlarım haqqında yayılan məlumatlara görə təəssüflənirəm. Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm. O adamla isə mən dostam və başqa heç nə danışmaq istəmirəm”.
Deputat borclar, hazırkı məhkəmə çəkişmələri və deputat vəsiqəsinin girov qoyulması ilə bağlı suallara cavab verməkdən imtina edib.
Milli Məclisin İntizam Komissiyasının üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə deyib ki, həmkarı Rəfael Cəbrayılovun haqqında yayılan xəbərlərin doğruluğuna inana bilmir: "Deputat olmaq insanın həyatında ən şərəfli və məsuliyyətli anlardır. Çünki deputat mandatı 40 mindən çox seçicinin etimadı, xalqın adından danışmaq, xalqı təmsil etmək hüququ deməkdir. Milli Məclisin deputatı olmaq, ölkənin qanunvericilik orqanında təmsil olunmaq şərəfli hadisədir. Xalqın təmsilçisi olmaqdan şərəfli bir şey yoxdur. Ona görə də inanmıram ki, hansısa deputat elə bir hərəkətə yol versin. Mən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniyəm və ona görə də əlimdə əsas olmadan danışa bilmərəm”. İntizam Komissiyasının üzvü qeyd edib ki, heç bir deputat törətdiyi qanuna zidd hərəkətlərə, qanun pozuntusuna görə immunitet daşımır: "Mənim deputat seçilməmdən bu yana - 2000-ci ildən bəri bir neçə dəfə belə bir hal olub ki, deputat hər hansı qanun pozuntusuna yol verib və ona adekvat cavab verilib. Hər bir deputat sıravi vətəndaşlar kimi hər hansı bir qanun pozuntusuna yol veribsə, qanunun aliliyi prinsipinə görə cavab verəcək. Əgər məhkəmədə belə bir iş varsa, Milli Məclisə müraciət etməlidir. Amma hələ ki, bu, sübut olunmayıb. Belə məsələlərdə ehtiyatlı olmalıyıq. Çünki deputat adına xələl gətirmək olmaz. Biz gəldi gedərik. Amma deputat adı hər zaman olacaq. Bu ada xələl gətirmək olmaz. Mən mətbuat vasitələrindən də xahiş edirəm ki, belə məsələlərə həsasslıqla yanaşsınlar”. M. İbrahimqızı bildirib ki, III və IV çağırış Milli Məclisin deputat vəsiqəsinin hüquqi bir statusu yoxdur: "Amma deputatın istənilən qanun pozuntusu Milli Məclisin İntizam Komissiyasında müzakirə edilir".
Şərhlər