Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaranmasından iki il ötür. Agentlik Prezident İlham Əliyevin 2017-ci ilin noyabrın 13-də imzaladığı Fərmanı ilə yaradılıb.
Məqsəd qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirməkdir.
AQTA fəaliyyətə başladığı ilk gündən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, onları narahat edən problemlər öyrənilib birgə müzakirə edilir. Belə görüşlərin həyata keçirilməsində əsas məqsəd şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır.
Agentlik ötən müddət ərzində qanunsuz fəaliyyət göstərən bir çox müəssisələr aşkarlayıb, onların fəaliyyəti məhdudlaşdırılıb. Ölkəyə gətirilən istifadəyə yararsız qida məhsullarının satışını qadağan edilməsinə nail olunub.
Yanvarın 1-dən ölkəmizdə "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir. Yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Report”a bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra əhalinin təhlükəsiz qida ilə təminatında xeyli irəliləyiş əldə olunub: "Bu sahədə heç bir problem yoxdur. İki il ərzində agentlik tərəfindən bir çox təqdirəlayiq işlər görülüb. Bunlara yol kənarlarında ət kəsilməsinin məhdudlaşdırılmasını, yaxud bir çox qida məhsullarının laboratoriyada yoxlanılaraq istifadəyə verilməsini nümunə kimi göstərmək olar. Mütəmadi şəkildə bu sahədə çox ciddi addımlar atılır. "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanıb. Ancaq hələlik parlamentə daxil olmayıb. Əgər ilin sonuna qədər daxil olsa, gələn ilin yaz sessiyasında müzakirəyə çıxarıla bilər”.
Parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə "Report”a açıqlamasında deyib ki, iki il bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması günün tələbi idi: "Çünki qida təhlükəsizliyi milli təhlükəsizliyin vacib tərkib hissəsidir. Əvvəllər də ölkədə qida təhlükəsizliyi qorunurdu, lakin bu pərakəndə şəkildə həyata keçirilirdi. Yəni bu işdə məsuliyyət daşıyan konkret bir orqan yox idi. Agentliyin yaradılması bu işin ümumi bir mərkəzdən idarə edilməsi və prosesə nəzarət etmək məqsədi daşıyırdı. Hesab edirəm ki, keçən iki il müddətində xeyli iş görülüb və təbii ki, bundan sonra da bu sahədə görüləsi işləri çoxdur. Ölkədə ayrıca "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi işlənib hazırlanıb. Agentliyin nizamnaməsi var, təlimatlar mövcuddur, struktur formalaşıb, institut yaradılıb və s. Bütövlükdə qida təhlükəsizliyi haqqında anlayış həm sahibkarların, həm də sadə vətəndaşların diqqətinə çatdırılıb”.
M.Quliyev vurğulayıb ki, ən azından hər kəs dükana girəndə qida məhsulunun saxlanma şəraitinə, müddətinə, necə hazırlanmasına baxır: "Bundan başqa, əhalinin təhlükəsiz qida ilə təmin olunmasının nəticəsi olaraq ölkədə son zamanlar qida zəhərlənmələrinin sayında xeyli azalma müşahidə olunur. Bütövlükdə agentliyin iki illik fəaliyyətini yüksək qiymətləndirmək olar”.
Şərhlər