Tanınmış jurnalist və yazar, Prezident təqaüdçüsü Nigar İsmayılqızının ağır leykoz (qan xərçəngi) xəstəliyinə tutulması ilə bağlı məlumat vermişdik. N.İsmayılqızı sentyabrın 3-də Türkiyənin "Hacettepe” Xəstəxanasına yerləşdirilib. Tanınmış yazar N.İsmayılqızı Azərbaycanın ən üzdə olan gənclərindən biridir, o bütün fəaliyyətini dövlətçilik, milli maraqlar üzərində qurub. Bir sıra kitabların müəllifi olan N.İsmayılqızının sənədli filmləri dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edib, Azərbaycanda və Türkiyədə bir çıx titullara sahiblənib. 33 yaşlı gənc yazar N.ismayılqızı ictimai fəaliyyəti ilə daim nümunə olub.
Dünən ölkəmizin dünya şöhrətli nüfuzlu ziyalıları, mədəniyyət və incəsənət xadimləri tanınmış yazarın müalicəsinə dəstək məqsədilə ölkə ictimaiyyətinə çağırış ediblər.
Bu gün isə azxeber.com-a danışan Milli Məclisin bir qrup deputatı Nigar İsmayılqızına dəstək məqsədilə dövlət rəhbərliyinə, xeyrriyəçi fondlara, iş adamlarına müraciət ünvanlayıblar.
Fəttah Heydərov (Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri):
Nigar gəncdir, istedadlıdır, peşəkardır. Çox təəsüf edirəm ki, belə xəbərlər alırıq. İndiki məqamda Nigarın yaşaması təkcə onun qohumlarına yox, bütöv cəmiyyətə lazımdır. Çünki onun görəcəyi, bu cəmiyyətə verəcəyi işlər çoxdur. İnanıram ki, Nigar sağalacaq və ayağa qalxacaq.
Asim Mollazadə (Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri):
Heç şübhəsiz istedadlı bir gəncin ağır xəstəliyə mübtəla olması bizi üzür. Hesab edirəm ki, ona dəstək verməklə, biz potensiallı bir gəncin, peşəkar insanın həyatda qalmasına yardımçı ola bilərik. Mən də bu təşəbbüsə qoşuluram. Nigarı xilas etməklə biz onun parlaq gələcəyini xilas etmiş olur, dövlətimizə və millətimizə tövhə vermiş oluruq.
Çingiz Qənizadə (Milli Məclisin deputatı):
Mətbuatdan bu xəbəri oxudum. Çox kədərləndim. Mən jurnalist dostlarının onun həyatda qalması üçün başlatdıqları kampaniyanı alqışlayıram. Nə lazımdırsa da etməyə hazıram. Buradan digər həmkarlarıma da müraciət edirəm. Gəlin hamılıqla ona dəstək olaq. İnanıram ki, dövlət rəhbərliyi də ona öz dəstəyini verəcək.
Fazil Mustafa (Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri):
Çox ağır xəbərdir. Nigara Allahdan şəfa arzulayıram. Biz deputatlar olaraq ona dəstək verməyə hazırıq. Səhiyyə Nazirliyi bu məsələni diqqətdə saxlamalıdır. Lazımdırsa, deputat sorğusu da göndərə bilərik. İnşallah Nigar öz sağlmlığına qovuşacaq.
Şərhlər