"Orduya dəstək təkcə cəbhəyə getməklə olmur, bunun bir forması da sosial şəbəkələrdə yayılan yalan informasiyaya qarşı çıxış etməkdir".
Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Azərbaycan xalqı cəbhə bölgəsindəki hər hansı bir aktivliyə çox həssas yanaşır. Bu da, onların yüksək döyüş ruhundan, Vətənə olan sevgisindən irəli gəlir:
"Hiss edirəm ki, gənclərimizin vətənpərvərlik ruhu çox yüksəkdir. Onlar daim döyüşə atılmağa, Qarabağın azad olunmasında iştirak etməyə can atırlar. Biz cəmiyyətimizin nəbzini, xalqımızın iradəsini bilirik. Bu gün xalqımız Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir. Ancaq informasiya müharibəsi vaxtı bilməyərəkdən əsassız fikirlər paylaşanlar da var. Bunun qarşısını almaq üçün hamımız birlikdə əl-ələ verib birlik nümayiş etdirməliyik. Dezinformasiyaları paylaşmaq yox, qarşısını almaq lazımdır".
Ş.Ramaldanov sosial şəbəkələrdə Azərbaycan Ordusu haqqında fikirlər yazanları iki qrupa ayırıb. Bildirib ki, bütün hallarda bu məlumatlardan düşmən tərəfi informasiya müharibəsində istifadə edir:
"Bu gün sosial şəbəkələrdə iki qrup insan var: Azərbaycan Ordusuna dəstək nümayiş etdirənlər və təsdiqini tapmamış, şişirdilmiş məlumatları yayanlar. İkinci qrup insanlar düşmən dəyirmanına su tökənlərdir. Düşmən həmin mənbələrdən istifadə edərək bizimlə müharibədə informasiya axınını artıra bilir".
Ehtiyatda olan polkovnik bildirib ki, Azərbaycan vətəndaşı orduya dəstəyini müxtəlif formada göstərə bilər. Bunun üçün yalnız cəbhə bölgəsinə getməyə ehtiyac yoxdur:
"Dünən Qaradağ rayonunda toplaşan insanlara demək istəyirəm ki, siz Azərbaycan Ordusuna sağlam lazımsınız. İndiki vaxtda kütləvi halda toplaşmaq ancaq mənfi nəticələrə gətirib çıxara bilər, diqqətli olmalıyıq. Erməni işğalçılarının da istədiyi məhz bizim səhhətimizə bu formada ziyan verməkdir. Emosiyalara qapılmaq, küçələrə axışmaq, virusa yoluxma ehtimalını dəfələrlə artımaq lazım deyil. Əgər sosial şəbəkələrdə öz mövqeyimizi bildirsək, bizi daim izləyən düşmən tərəf də ruh yüksəkliyimizi görəcək.
Bu gün Müdafiə Nazirliyindən kənar məlumatları yaymamağa çalışmalıyıq. Müdafiə Nazirliyi gün ərzində cəmiyyəti lazımi informasiya ilə təmin edir. Real vəziyyət barədə xəbərlər gizlilik dərəcəsi nəzərə alınmaqla insanlara çatdırılır. Biz itkilərimiz və digər informasiyaları ala bilirik. Bu məlumatların da indiki vəziyyətdə yetərli olduğunu düşünürəm.
Postlardan kilometrlərlə uzaqda olan insanların döyüş iştirakçısı kimi məlumat paylaşmağı absurddur. Orada bütün təhlükəsizlik qaydalarına riayət olunur, döyüş bölgəsinə hərbçilərdən başqa heç kim buraxılmır. Məxfilik prinsipini qorumamaqla ön cəbhədə döyüşən hərbçilərimizin həyatını risk altına atmayaq. Bizim məqsədimiz işğal olunmuş Qarabağ torpaqlarını azad etməkdir”.
Şərhlər