Ölkə 21:34 09.12.2019

Diaqnostik qiymətləndirmədə 2700 psixoloq iştirak edəcək

Dövlət ümumi təhsil müəssisələrində işləyən 2600-2700 psixoloqun Təhsil Nazirliyi tərəfindən keçiriləcək diaqnostik qiymətləndirmədə iştirak edəcəyi proqnozlaşdırılır.

Qaynarinfo-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirakın məcburi olmadığını söyləyib:

"Psixoloqlar diaqnostik qiymətləndirmədə öz arzuları əsasında iştirak edəcəklər. Lakin tövsiyə edilir ki, psixoloqlar diaqnostik qiymətləndirmədə iştirak etsinlər. Çünki bu, onların sonrakı fəaliyyətinə də müsbət təsir edəcək”.


Nazirlik rəsmisi əlavə edib ki, psixoloqların doaqnostik qiymətləndirməsi elektron üsulla keçiriləcək. İmtahanda psixoloqlara 90 dəqiqə ərzində 60 test tapşırığı təqdim ediləcək. İmtahanda bir suala verilən düzgün cavab bir balla qiymətləndiriləcək.
 
M.Camalzadə bütün namizədlərin eyni gündə imtahan verməsinin texniki baxımdan mümkün olmadığını da söyləyib.
 
O əlavə edib ki, imtahanların gün ərzində 3 seans olmaqla, 3-4 gün davam edəcəyi gözlənilir.

Qeyd edək ki, psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahanın dekabrın 20-30-da Bakıda keçirilməsi planlaşdırılır.