Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmətlərin qiymətləri ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edəcək.
Bunu APA-ya müsahibəsində DİM-in Direktorlar Şurasının Məleykə Abbaszadə deyib.
O bildirib ki, Tarif Şurasının 2017-ci il 23 may tarixli, 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamışdı:
"Həmin müddətdən bu vaxtadək DİM göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparırdı. Nəticədə müvafiq qanunvericiliyə əsasən, təhsil xidmətləri ƏDV-dən azad olundu, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV tətbiq edildi”.
M.Abbaszadə qeyd edib ki, növbəti tədris ilində DİM Tarif Şurasına müraciət edəcək:
"Çünki imtahanların modeli dəyişib. Hazırda xərclərimiz fərqlidir. Bizim indiyə qədər topladığımız müəyyən qeyri-maddi resurslarımız var idi, onların qiymətləndirilməsi də aparılıb və saytımıza yerləşdirilib. Həmin qeyri-maddi resurslar - test tapşırıqları, müxtəlif proqramlar və s. istifadə olunub. Biz müvafiq hesablamalar aparıb yenidən Tarif Şurasına müraciət edəcəyik”.
Şərhlər