İranın məşhur din xadimlərindən olan Ayətullah Məhəmməd Musəvi Boknurdi qadınların futbol matçlarına buraxılmasına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, din xadimi qadınların stadionlarda oyuna baxmasının dinə zidd olmadığını deyib.
Qeyd edək ki, 16 oktyabrda Tehranın "Azadi" stadionunda keçirilən İran - Boliviya yoldaşlıq matçına 100 qadın buraxılıb. Bu İran İslam İnqilabından sonra ilk belə hadisə olub.
Lakin ölkənin baş prokuroru Məhəmməd Cəfər Muntazəri bu qərarı qəzəblə qarşılayıb. Qadınların stadionda yarıçılpaq kişilərə baxmasının günah olduğunu bildirən baş prokuror "Bu kimi addımlar şəriətimiz üçün təhlükədir və dini qaydalara ziddir. Əgər bir daha təkrar olunsa, tədbir görməsi üçün Tehran prokuroruna təlimat verəcəm" demişdi.
Ayətullah Məhəmməd Musəvi isə bunun əksini düşünür: "Məsələlərin haram və halallığını müəyyənləşdirmək fərdlərin işi deyil. Bu uca Allahın səlahiyyətində olan məsələdir və İslam dinində də açıq şəkildə göstərilib".
Qadınların stadionlara girməsinin günah olmadığını deyən Ayətullah onların tribunalardan oyun izləməsinin əxlaqsızlıq kimi qəbul edilməyəcəyini bildirib: "Əgər həqiqətən şəriətə və əxlaqa zidd davranışlar olarsa, o zaman problem yaranar. Heç kim qadınların stadionda olmasını şəriətə zidd adlandırıb haram olduğunu deyə bilməz".
İran Məclisinin də qadınların stadionlara buraxılmasına qarşı bir qanun layihəsi qəbul etmədiyini qeyd edən Məhəmməd Musəvi şəriətin haram buyurmadığı heç bir şeyin İslama zidd olmadığını və halal olduğunu bildirib. Qadınların oyun izləməsinin haram olduğunu deyənlərin dini dəlillər göstərməsinin vacibliyini vurğulayan Ayətullah "Bu məntiqlə qadınların bazara getməsini də haram olaraq qəbul etməliyik" deyib.
Şərhlər