Xəbər lenti

DƏB 16:35 26.06.2026

"Dior"un kişi kolleksiyası Parisi yuxusuz qoydu (FOTOLAR)

"Dior” Fransada müşahidə olunan rekord istilərə görə bu gün Parisdə keçirilən kişi kolleksiyasının nümayiş saatını 14:30-dan 09:00-a dəyişib. 

Qaynarinfo-nun WWD-yə istinadla verdiyi xəbərə görə, bu qərar bir çox tədbir iştirakçısının gecəni demək olar ki, yuxusuz keçirməsinə səbəb olub. Xüsusilə əvvəlki gecə "Saint Laurent”in after-partisində Madonnanın çıxışını izləyən qonaqlar səhər tezdən nümayişə qatılmalı olublar.

"Musée Nissim de Camondo" muzeyinə gələn qonaqlara sərin dəsmallar və təzə çiyələk təqdim edilib. Təmir işləri aparılan binada temperaturun sürətlə yüksəlməsi səbəbindən bağçada əyləşənlərə günəşdən qorunmaq üçün klassik çətirlər verilib.

Səhər saatlarında keçirilən nümayiş ilk baxışdan qeyri-adi görünsə də, bu seçim kreativ direktor Conatan Andersonun (Jonathan Anderson) 2027-ci ilin yaz mövsümü üçün hazırladığı konsepsiyaya uyğun idi. Dizayner debüt kolleksiyasında təqdim etdiyi "dağınıq aristokrat” estetikasını bu dəfə daha sərbəst formada inkişaf etdirib.

Modellər parıltılı şalvarlar, xalatı xatırladan geyimlər və gecə əyləncəsindən yeni qayıtmış təsiri bağışlayan obrazlarla podiuma çıxıblar. Nümayiş zamanı elektron rəqs musiqisinin ən tanınmış simalarından biri, britaniyalı DJ Fred Again-in rəqs musiqiləri səsləndirilib.

"Nəticədə, xüsusilə Londonda yeni nəsil gənclər yenidən rəyv tədbirlərinə qatılır (Rəyv elektron rəqs musiqisi - əsasən techno, house, trance, drum and bass və s. - ilə keçirilən, adətən gecədən səhərə qədər davam edən böyük əyləncə tədbiridir- red.) Rəyv mədəniyyəti geri qayıdır. Bunu şəhərin kənarında daha aydın görmək mümkündür. İnsanlar yeni geyim tərzi seçir və özlərini fərqli şəkildə ifadə edirlər”, — Anderson nümayişdən sonra jurnalistlərə bildirib.

Kolleksiyada fərqli üslubların sintezi diqqət çəkib. Dəri yaxalıqlı cins gödəkçələr zəngin tikmə elementləri və klassik qara şalvarlarla, büzməli smokinq köynəkləri isə daş yuyulmuş çəhrayı şortlar və teksturalı yun gödəkçələrlə tamamlanıb.

Bu kolleksiya dizaynerin bir il əvvəl təqdim etdiyi daha konseptual yanaşmanın gündəlik istifadəyə uyğunlaşdırılmış versiyası kimi qiymətləndirilir. Anderson əvvəlki kolleksiyadakı həddindən artıq kiçildilmiş "Bar” pencəklərindən və iri həcmli konstruksiyalardan imtina edib.

Moda tənqidçilərinin müsbət rəylərinə baxmayaraq, onun daha konseptual ideyaları hələ də "Dior” butiklərinin əsas assortimentində geniş yer tutmur. Bu səbəbdən kolleksiyada pambıq pijama üslublu kostyumlar kimi daha klassik və kommersiya baxımından əlçatan modellər də təqdim olunub.

Anderson bu prosesi davamlı inkişaf kimi qiymətləndirir. Onun sözlərinə görə, hər il hazırlanan kişi kolleksiyaları vasitəsilə Kristian Diorun (Christian Dior) XVIII əsr estetikasına əsaslanan irsi müasir yanaşma ilə yenidən şərh olunur. Dizayner bu baxımdan "Musée Nissim de Camondo"nun banisi Moiz de Kamondo (Moïse de Camondo) ilə oxşar estetik maraqları bölüşdüyünü qeyd edib.

"Mənim üçün əsas məqsəd daim inkişaf etmək, yaradıcı prosesdən zövq almaq, yeni kodlar formalaşdırmaq və köhnə yanaşmaları yeniləməkdir”, — Anderson bildirib.

"Dior”un kişi kolleksiyası bu mövsüm əsasən "Bobby” kostyumu üzərində qurulub. Model dizaynerin kolleksiyasında yer alan vintage Mark Boan (Marc Bohan) pencəyindən ilhamlanaraq hazırlanıb. Kostyum şəffaf ipək şifondan, zolaqlı və itdişi naxışlı parçalardan, həmçinin gündəlik və axşam geyimi üçün nəzərdə tutulmuş klassik yun materiallardan tikilib.

"Dior” tarixində həm kişi, həm də qadın kolleksiyalarına eyni vaxtda rəhbərlik edən ilk dizayner olan Anderson iki istiqamət arasında vizual əlaqə yaratmağa çalışır. Onun saçaqlı yaxalıqlı pencəkləri və qırışıq effektli yağışlıqları ötən ay Los-Ancelesdə təqdim olunan qadın kruiz kolleksiyasındakı obrazlarla birbaşa səsləşir.

Cavid

--> -->