Azər Məmmədov "Kəpəz”in baş məşqçisi təyin olunub. Bununla da Azər bəy 2023-cü ilin noyabrında tərk etdiyi posta yenidən qayıdıb. Bu qayıdışla bağlı sosial şəbəkələrdə əməlli-başlı zarafatlar yazılır, hərə bacardığı formada yumor hissini ortaya qoyur. Mənim rastıma çıxanlardan ən maraqlılarımdan birinin müəllifi fotoqraf Bəkir Osmanlı olub. Dostumuz öz şəhrində belə yazır: "Kəpəz” stadionuna "futbolumuzun Məkkəsi” deyirlər. Ona görə də "Kəpəz”in başında yeddi dəfə dövrə vurmaq savab sayılır”.
Sözsüz ki, "Kəpəz”ə rəhbərlik edənlər də, Azər Məmmədovun özü də bu təyinatın cəmiyyətdə hansı reaksiyanı doğuracağını bilirdilər. Özü də sosial şəbəkələrin inkişaf etdiyi, hamının bu şəbəkələrə çıxışının olduğu bir dövrdə. Bir vaxtlar Bəhmən Həsənov "Rəvan”dan qovulan məşqçilərin yerinə təyinat almasıyla adını dillər əzbəri etmişdi. Həsənov onu ələ salanlara belə cavab verirdi ki, "Rəvan” mənim doğma evim kimidir, mən də klubun işçisiyəm, öz köməyimi əsirgəmirəm".
İndi Bəhmən Həsənov yalan olub, yerdə qalanlar gerçək. Xüsusən də "Kəpəz” bu məsələdə hamını qabaqlayır. Ordan bir dəfə ayrılan məşqçi mütləq geri qayıdır. Və... sonra yenidən yola salınır.
Bəhmən Həsənovun məntiqi ilə yanaşsaq, "Kəpəz” də bu qəbildən olan məşqçilər üçün doğmalaşıb. Onlar öz aralarında püşk atıb, "Kəpəz”in baş məşqçisi postunda növbələşirlər. Biri gedir, biri gəlir "Kəpəz”də. Bəli, bu ssenarinin çox vacib bir parçası da var, onu unutmayaq. Söhbət Xaliq Mərdənovdan gedir. "Kəpəz”də baş məşqçilər yola salınanda ortada yaranan boşluq zamanı Xaliq Mərdanov yada düşür. Onu müvəqqəti "Kəpəz"ə baş məşqçi təyin edirlər, bir neçə oyunu Xaliq bəy yola verir. Sonra da növbədə dayanan mütəxəssislərdən biri baş məşqçi postuna gətirilir.
Bu dəfə Azər Məmmədovun baş məşqçi təyinatı xeyli maraqlı prosedurlardan keçdi. Ötən mövsümün gedişində "Kəpəz”ə baş məşqçi təyin edilən Azər Bağırov mövsüm bitən kimi postundan ayrıldı. Yeri gəlmişkən, Azər Bağırov da "Kəpəz”ə qısa müddət ərzində ikinci dəfə gəlmişdi və gedişi də elə birinci dəfə olduğu kimi xeyli maraqlı alındı. Elə Azər Bağırovdan əvvəl "Kəpəz”i çalışdıran Adil Şükürov da bu posta iki dəfə təyinat alıb və hər iki halda postundan uğursuz nəticələrə görə ayrılıb. Göründüyü kimi, ənənələri hamı davam etdirir və azı ikinci dəfə "Kəpəz”ə qayıdır.
Qayıdaq Azər Məmmədovun bu dəfəki təyinatından əvvəl baş verənlərə. "Kəpəz”in yeni baş məşqçisinin serbiyalı olacağı deyilirdi. Sonra Arif Əsədovun adı gündəmə gətirildi. Arif bəydən sonra Mahmud Qurbanovun baş məşqçi təyin ediləcəyini eşitdik. Sonda "Kəpəz”in başbilənləri sağı göstərib, solu vuran kimi davrandılar və baş məşqçi postuna Azər Məmmədov gətirildi. Az əvvəl vurğuladığımız kimi, bu Məmmədovun ikinci qayıdışı idi.
Rəhbərlik dəyişsə də, "Kəpəz”in həyat devizi dəyişmir. Onlar "dəyişək, inkişaf edək” devizinin əksinə hərəkət edir. "Kəpəz” özünəməxsus devizi bu formadadır: "Biz dəyişmirik, inkişaf da etmirik”. Ümid edirəm ki, bu devizlə "Kəpəz” gələn mövsüm I Liqanın yolunu tutmaz.
Amal Abuşov
Şərhlər