Dollar ilə krediti olanlara güzəşt tətbiq olunacaq?
Bu haqda musavat.com-a iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə indi həmin məbləği ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə kredit faizlərinin ödənilməsində çətinlik yaradacaq.
Vüqar Bayramov Mərkəzi Banka təklif edir ki, dünya praktikasında belə hallarda tətbiq edilən 2 yoldan birini seçsin. Birincisi, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Mərkəz Bank bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müşəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürlə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var.
İkincisi, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılsın və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması təmin edilməsi ilə bağlı tövsiyyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar.
Vüqar Bayramov deyib ki, həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlerinin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkiflərdən ən azı birinin qəbul etməsinə ehtiyac var.
Qaynar.info
Şərhlər