Bəli, ermənilərin başabəla siyasətçiləri bizi özlərinin psevdo-siyasi bəyanatları, ittihamları və cəfəng çağırışları ilə hələ çox təəccübləndirəcəklər, ən azı seçkilərə qədər darıxmayacağıq, çünki seçkiərəfəsi siyasi çəkişmələr və ya toqquşmalar əsl, lap ermənisayağı patriotizm və psevdo-millətçilik yarışları olacaq.
Aydındır ki, bu prosesdə N.Paşinyan da digərlərindən geri qalmayacaq, hansı ki, may ayında "texniki istefaya”, yəni seçkilərlə bağlı istefaya hazırlaşır ki, Ermənistandakı seçkilər demokratik bir şəraitdə keçsin.
Biz artıq N.Paşinyanın mənasız, boş və ziddiyyətli bəyanatlarına alışmışıq. Amma ədalət naminə demək lazımdır ki, o, bəzən erməni psevdo-millətçi ideologiyasından kənara çıxmağa çalışır. Məsələn, bu yaxınlarda parlamentdəki növbəti çıxışında o, təxminən bu sözləri dedi: "Bəli, azərbaycanlılar və türklər bizim düşmənlərimizdir, amma bu düşmənçilik bizə nə verəcək?”.
Dünyada yüz milyondan çox türk, onlarla türk dövləti və dövlət qurumları var. Doğrudanmı ermənilər başa düşmürlər ki, müşkül bir məsələyə baş vurublar? Siyasətdə belə bir maksima var: siyasət mümkün olanın sənəti və peşəsidir.
Ermənilər heç bunun fərqindədirlərmi? Bəli, hiss olunur ki, Nikol Paşinyan özü Dağlıq Qarabağla noyabr və yanvar razılaşmalarının tələblərini həyata keçirmək istəyir, amma o, müxalfətdən və yaxud da psevdo-millətçi qüvvələrdən ehtiyat edir, hansıar üçün ki, siyasət qeyri-mümkünün peşəsidir, vəhşilik və riyakarlıq sənətidir...
Burada çox maraqlı məqamlar var. Eks-prezident Levon Ter-Petrosyan birinci adam idi ki, ermənilərin Dağlıq Qarabağ avantürasının finalını irəlicədən görmüşdü.
Bir vaxt o, hamıdan əvvəl başa düşmüşdü ki, əgər Türkiyə və Azərbaycanla əməkdaşlıq etməsə, Ermənistanın heç bir gələcəyi yoxdur və elə bir vaxt gələcək ki, İrəvan Bakıdan Dağlıq Qarabağ üçün hansısa bir status dilənəcək, odur, nə qədər gec deyil, Azərbaycanla anlaşmaq və razılığa gəlmək lazımdır, - xatırladaq ki, bunlar hələ ötən əsrin doxsanıncı illərində deyilmişdi və onların siyasi bədəli çox böyük oldu, belə ki, Ermənistanın birinci prezidenti öz postundan istefa verdi.
Bəs indi nə baş verir? Levon Ter-Petrosyan da Koçaryan, Sarqsyan və Manukyan kimi Paşinyanı tənqid edir, onun Dağlıq Qarabağ siyasətini pisləyir, hərçənd, o şey baş veribdi ki, onu L. Ter-Petrosyanın özü hələ iyirmi ildən çox müddət bundan əvvəl xəbər vermişdi.
"Hakimiyyətçün pis olan hər bir şey müxalifət üçün yaxşıdı”, –çox təəssüf ki, siyasətin belə bir "maksima”sı da var və ondan daha çox siyasətbazlar, yəni ki, siyasət dəllalları istifadə edirlər. Əlbəttə, cənab Petrosyana siyasət dəllalı demək olmaz, amma o, digər siyasi maksimanı unutmamalıdır: "İnsanlara həqiqəti deyin, çünki yalnız həqiqətdə xeyir və xeyirxahlıq var”...
Əlbəttə, başqa bir siyasətçi bu məqmada deyər ki, Ermənistanda seçkiərəfəsi dövrdür və burada hər bir siyasətçi çalışır ki, situasiyadan daha çox faydalansın, özü üçün daha çox xal toplasın.
Amma seçici bir musiqi siminə bənzəyir, onu hansı lada kökləsən, o melodiyanı da eşidəcəksən. Təcrübəli və güclü siyasətçi kor-koranə şəkildə kütlənin ardınca sürünmür, o, kütlənin siyasi ovqatına təsir göstərməyə çalışır və bir çox hallarda buna nail ola bilir. Əks təqdirdə hələ böyük Aristotelin yazdığı kimi, demokratiyanı oxlokratiyadan fərqləndirmək mümkün belə olmazdı.
Noyabr razılaşmasından sonra radikal müxalifətin Paşinyanı devirə bilməməsi o deməkdir ki, erməni elektoratı savaşkar-davakar, siyasətbaz zümrənin dalğasına köklənməyib və çox lazımdır ki, Paşinyan da bunu unutmasın, çünki o da siyasətbazların deyil, cəmiyyətin sağlam qisminin tezliklərinə kökləməlidir özünü...
Şərhlər