Hüseynbala Səlimov
Ölkə 09:41 02.12.2019

Dostumun dostunun vəzifəsi...

Hüseynbala Səlimov

Əgər nəsə bir şeyin özünün mahiyyətində yoxdursa, nə qədər çalışırsansa, çalış, olmayan cəhəti və yaxud da ki, ünsürü ona aşılaya bilməyəcəksən, necə ki, yalnız və yalnız əsl almazdan əsl brilliyant düzəltmək mümkündür...

Bütün bunu niyə deyirəm? Nə gizlədim, ölkədəki son prosesləri çox ciddi şəkildə izləyirəm və bəlkə də hamıdan çox onların bir nəticə verməsini arzulayıram – di gəl, məni tərəddüdlər də tərk etmir, ona görə ki, biz tamamilə başqa sistemə ona tamamilə yad olan, onun əksi olan bir sistemin keyfiyyətlərini aşılamaq istəyirik, necə ki, məsələn, bir vaxtlar əski sovet sistemi ictimai nəzarət mexanizmi yaratmaq üçün tamamilə yeni strukturlar – xalq nəzarəti təşkilatları təsis etmişdi və həmin sistemin ideoloqları və funksionerləri elə bilirdi ki, söhbət hər hansı bir problemdən gedirsə, ilk növbədə onun təşkilatını yaratmaq lazımdır və yaradırdılar da. Amma nəticəsi nə olurdu? Rüşvət zəncirinə daha bir həlqə əlavə olunurdu...

Və yaxud da başqa bir misal. Sovet Azərbaycanında 70-ci illərdə hüquq fakultəsinə ancaq kolxozçu və fəhlələrin uşaqları qəbul edilirdi və vəzifə adamlarının uşaqları bu fakultəyə demək olar, yaxın buraxılmırdı. 

Belə fərz edilirdi ki, bu yolla hüquq-mühafizə sistemində sağlam bir atmosfer yaratmaq mümkün olacaq. Amma alınırdımı? Əlbəttə, yox, çünki soruşan da yox idi ki, fəhlə və kolxozçuların balaları bu fakultəyə niyə can atır? Doğrudanmı, doğru-dürüst, rüşvətsiz işləmək üçünmü bunu edir və buna görə hüquqşünas olmaq istəyirdilər? Yenə də əlbəttə ki, yox və bir daha yox! Kolxozçu və fəhlə balalarını da həmin fakultəyə həmin tamah və həmin vəzifə ehtirası çəkirdi...

Ona görə də mən pessimistəm və düşünmürəm ki, məmur və deputat kastasının (bəli, bunlar artıq imtiyazlı təbəqəyə çevrilibdi) cavanlaşması ölkədəki pozitiv tendensiyalara güclü təkan verəcək. Əlbəttə, bunun da müəyyən təsiri olacaqdır, çünki cavanlıq daha çox mobillik və ya kreativlik demıkdir – odur ki, istər-istəməz ümumi prosesdə bir intensivləşmə baş verəcək. Amma bizim işimiz yenə də ona bənzəyir ki, təkərləri köhnələn maşının təkərlərini dəyişmək əvəzinə onun oturacaqlarının örtüklərini təzələyirik ki, sanki bununla maşın daha yaxşı hərəkət edəcək...

İndi adam bu "cavanlaşma kampaniyası”na baxanda çox qəribə hislər keçirir; alınacaq, yoxsa alınmayacaq? Axı sistem elə həmin sistemdir və insanları doğru-dürüstlüyə və kreativliyə vadar edən mexanizmlərin əvəzində biz kamilliyə və saflığa yönəlik çağırışlarla nəsə etməyə cəhd edirik ki, bu, da qoca Şərq üçün çox xarakterikdir – hansı ki, yüz illərdir elə hey bir şeyi deyir: insan dəyişməsə və kamilləşməsə....

Ona görə də bütün bunları düşünəndə həmişə A.Smiti xatırlayırıq; bu adam dedi ki, insanlar təbiətən eqoist və xudbindirlər və odur ki, onun belə bir keyfiyyətini dəyişməyə çalışmaqdansa həmin keyfiyyətləri sosial və iqtisadi rifahın motoruna çevirmək lazımdır, çünki elə etmək də olar ki, insanların ilkin olaraq heç də saf olmayan niyyətləri belə son nəticədə gəlib ictimai rifaha təkan vermiş olsun. 

Bütün Avropa, Qərb demək olar ki, bu yolla getdi və "bazar iqtisadiyyatının gizli əli” bu ölkələrdə firavanlıq və yüksək rifah yaratdı. Düzdür, Avropa 19-cu əsrdə yenidən ideyaya və etikaya müraciət etdi və M.Veber kapitalizmin inkişafını protestant etikası ilə bağlamağa cəhd etdi və əlbəttə, bunu da alternativ yozum kimi qəbul etmək olar. Amma qeyri-xristian, qeyri-protestant ölkələrindəki çox böyük iqtisadi sıçrayış onu deməyə əsas verir ki, əslində Veber yox, Smit daha çox haqlı idi...

Bir daha öz reallığımıza qayıdanda isə, hətta deputatları da cavanlaşdırmaq yolunu tutmuş ölkəmizdə deyilənə görə, son günlərdə ürəyini tutanların, kardioloqa müraciət edənlərin sayı artıbdır. Amma ki, bir dostum bu xüsusda mənə maraqlı bir şey danışdı. Sən demə, onun da ahıl bir dostu var, özü də məmurdur. Qərəz, dostum öz dostuna deyəndə ki, bəs vəzifə, kreslo əldən gedir, o, da qayıdıb ki, bütün vəzifələr əldən getsə də bir vəzifə həmişə qalacaq və ona həmişə ehtiyac olacaq və bu vəzifə YALTAQLIQDIR,- o, sistem-filan bilmir, həmişə gərəklidir...

Doğrusu, bunları eşidəndə dostumun dostunun müdrikliyinə heyran qaldım. Məgər kişi düz demirmi? Nikolayın öz yaltaqları vardı, Nikolay getdi və sovetlər gəldi, yaltaqlar yenə qaldı, sovetlər getdi, müstəqillik dövrü gəldi, yaltaqlar yenə də qaldı! İndi buna nə deyirsiniz? Kişi sözün düzünü demirmi?..