Siyasət 14:57 15.06.2021

Dünyanın gözlədiyi görüşdə hansı anlaşmalar ola bilər? - Qarabağ, Suriya...

"Qarabağ, Suriya, COVID-19 və kibercinayətkarlıqla mübarizə kimi məsələlərdə Baydenlə Putin ortaq mövqe sərgiləyə bilərlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimkir Putin arasında sabah Cenevrədə baş tutacaq görüşdə hansı məsələlər ətrafında razılığın əldə oluna biləcəyi ilə bağlı fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, müzakirə ediləcək problemlərin həlli iki lider arasında görüşün məqsədindən asılıdır: 

"Məqsəd problemləri çözməkdirsə, o zaman bu istiqamətdə mühüm addımlar atılacaq. Amma hər tərəf öz strateji marağını qorumağa çalışacaqsa, görüşdən ciddi nəticə gözləməyinə dəyməz. Tərəflər arasında strateji hərbi rəqabət kritik həddə çatıb. Lakin razılığa gələ biləcəkləri bəzi ortaq nöqtələr də var”. 

Politoloqun fikrincə, Putinlə görüşə Bayden daha da güclənərək çıxır: 

"Bu NATO zirvəsində baş verdi. Burada 2030-cu illə bağlı müəyyən hədəflər müəyyənləşdi. Qarşıdakı 10 ildə yeni dünya düzəninin başa çatdırılması nəzərdə tutulur. Bu baxımdan Moskva üçün qarşıdakı illər çətin olacaq”. 

Nəsimi Məmmədlinin fikrincə, strateji sabitliyə münasibətdə tərəflərin mövqeləri fərqlidir. Regional münaqişələrə yanaşmalarında da fərqliliklər var: 
"ABŞ üçün strateji sabitlik demokratiya və insan hüquqlarının yayılmasıdır. Rusiyaya gəldikdə, o öz marağını hərbi güc tətbiq etməkdə görür. Bu baxımdan iki ölkənin liderləri arasında müzakirə ediləcək problemlərin həlli heç də asan olmayacaq”. 

Ekspert görüşdə əldə ediləcək nəticələrlə bağlı optimist olmasa da, bəzi mövzularda uzlaşmanın olacağını da istisna etmədi: 

"Məsələn, ola bilsin Qarabağ, Suriya məsələsində, habelə COVID-19 və kibercinayətkarlığa qarşı mübarizədə ortaq məqamlar tapılsın”. 

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında Putinlə Bayden arasındakı görüşdə ikitərəfli münasibətlər, strateji sabitlik məsələsi, Suriya, Liviya, Əfqanıstan, Ukrayna və Qarabağla bağlı regional münaqişələrdəki vəziyyət, İranın nüvə proqramı, Arktikada iş, koronavirusla mübarizə və iqtisadi məsələlərin müzakirə ediləcəyini deyib.

Rüfət Sultan