Xəbər lenti

Dünyanın gözü Suriyada: ABŞ və müttəfiqləri yeni müharibəyə hazırlaşır
Dünya 18:05 10.04.2018

Dünyanın gözü Suriyada: ABŞ və müttəfiqləri yeni müharibəyə hazırlaşır

Müharibə planı müzakirəyə çıxarılıb. ABŞ və Müttəfiqləri Suriyanı vurmağa hazırlaşır...

Qaynarinfo "Milliyət"ə istinadən xəbər verir ki, ABŞ, İngiltərə və Fransanın hərbi əməliyyat siqnalı verməsinin ardından Suriyada Şam rejiminin müdafiəçisi olan Rusiyadan yeni açıqlamalar gəlib. Kreml sözçüsü Dmitri Peskov ABŞ və digər qərb dövlətlərinin mövqelərinin konstruktiv olmadığını bildirib.

"ABŞ faktlara söykənmədən kimyəvi silahdan istifadə edilməsinə dair ittihamlar irəli sürür", - deyə o, bildirib.

Rusiyanın diplomatik səylərini əsirgəməyəcəyini vurğulayan Peskov qərb dövlətlərini qərəzli mövqe tutmaqda günahlandırıb.

Xatırladaq ki, həftə sonu Şərqi Qutada gerçəkləşdirilən təxliyyələr zamanı kimyəvi silahdan istifadə edilməsi nəticəsində 78 nəfər həyatını itirmiş, Rusiya isə sözügedən hücumun qurama olduğunu və belə bir şeyin baş vermədiyini açıqlamışdı.

İran İsraili hədələyir...

Bu hadisələrin ardından İsrail qırıcılarının Suriyadakı hərbi bazalardan birini bombalaması da gündəmin əsas mövzularından idi. İranın dini lideri Ayətullah Xamneyinin baş məsləhətçisi Əli Əkbər Vilayəti Şama səfəri zamanı İsrailin bu hücumunun cavabsız qalmayacağını açıqlayıb.

Qeyd edək ki, sözügedən hücum zamanı ən az 7 İran hərbçisinin də öldürüldüyü açıqlanmışdı.

ABŞ-ın həlledici qərar verməsi gözlənilir...

Dünən Şam rejiminin lideri Bəşər Əsədi heyvan adlandıran ABŞ prezidenti Donald Tramp Suriya barəsində 24 və ya 48 saat içərisində həlledici bir qərar qəbul edəcəklərini açıqlayıb.

Pentaqon Trampa Suriyadakı kimyəvi silah tətbiqinə görə bir sıra hərbi variantlar təqdim edib. ABŞ silahlı qüvvələrinin sözçüsü polkovnik Patrik Rayder hərbi variantların dəyərləndirilməsinin vacibliyini vurğulayaraq, potensial variantların nəzərdən keçirildiyini və artıq prezidentə təqdim edildiyini sözləyib.

ABŞ və Rusiya qarşı-qarşıya...

BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında Rusiya və ABŞ nümayəndələri arasında qarşıdurma yaşanıb.

Rusiyanın BMT üzrə nümayəndəsi Vasili Alekseyeviç Nebenzia bildirib ki, ABŞ Suriyaya hücum edəcəyi təqdirdə, bunun ağır nəticələri ilə üzləşməli olacaq. ABŞ təmsilçisi Nikki Heyli isə BMT-nin hansı qərar çıxarmasında asılı olmayaraq ABŞ-ın kimyəvi silah tətbiqinə cavab verəcəyini açıqlayıb. Bəşər Əsədi canavar adlandıran Heyli Rusiyanın əlinin uşaqların qanına batdığını deyib:

"Rusiyanın əlində uşaqların qanı var. Elə bir nöqtəyə gəlib çatmışıq ki, dünya artıq ədalətin bərqərar olduğunu görməlidir".

Rusiyadan yeni təklif...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumanın Kimyəvi Silahların Qadağası Təşkilatına sözügedən hücumun araşdırılması üçün yeni bir layihə təqdim edəcəyini açıqlayıb. Suriya hökuməti də hücum iddialarını yerində araşdırmaq üçün Kimyəvi Silahların Qadağası Təşkilatını ölkəyə dəvət edib.

ABŞ təkbaşına hücuma keçməyəcək...

Dünən ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Prezidentlər Suriya məsələsini müzakirə edib və atılacaq addımları nəzərdən keçiriblər.

ABŞ və İngiltərə xarici işlər nazirləri də Suriya məsələsi barədə görüş keçirib və kimyəvi silah tətbiqini müzakirə müstəvisinə çıxarıblar.

Fransanın bu səhər yaydığı bəyanatda kimyəvi silah tətbiqinin Fransanın həssas nöqtəsi olduğu bildirib və buna qısa zamanda cavab veriləcəyi vurğulanıb.

Makronla danışan Mey bu axşam Trampla görüşəcək...

Bu gün irəliləyən saatlarda İngiltərənin baş naziri Tereza Meylə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olacağı gözlənilir. Bu səhər Makronla danışdığını bildirən Mey məsuliyyət daşıyan tərəflərin hesab verməli olduğunu diqqətə çatdırıb və bu axşam Milli Təhlükəsizlik Şurasının iclasının olacağını açıqlayıb.

Üç ölkə arasında baş tutan danışıqlar göstərir ki, ABŞ Suriyaya hücuma keçəcəyi təqdirdə, bunu təkbaşına etməyəcək.

Suriya ordusu və polisi hər hansısa bir hücum ehtimalına qarşı hazır vəziyyətə gətirilib. Almaniya mətbuatı hədəf ola biləcək bəzi hərbi bazaların artıq boşaldıldığını yazıb.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->