Siyasət 13:04 31.07.2021

Dövrün çağırışları: Azərbaycan diplomatlarının fəlaiyyəti nədən ibarət olmalıdır?

"İndiki mərhələdə diplomatlarımızın əsas fəaliyyət istiqaməti təbliğat işini gücləndirməkdən ibarət olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müasir dövrün çağırışları fonunda Azərbaycanın diplomatik nümayəndəliklərinin yerinə yetirməli olduqları əsas fəaliyyət istiqamətlərindən danışarkən deyib. Həmsöhbətimiz bildirib ki, Azərbaycanın xaricdəki nümayəndəliklərinin müasir dövr üçün vacib olan iki əsas vəzifəsi var:

"Bir vəzifə ondan ibarətdir ki, təmsil olunduğu ölkələrdə, beynəlxalq qurumlarda Azərbaycanın marağı çərçivəsində olan məlumatları toplayıb təhlil şəklində rəhbərliyə çatdırsın. Onlar Azərbaycan dövlətini daha düzgün qərar qəbul etməsi üçün ətraflı məlumatlarla təmin etməlidirlər. Yəni başlıca fəaliyyət istiqamətləri informasiya əldə etmək və onu çatdırmaqdan ibarətdir. 

Diplomatlarımızın müasir dövrdə fəaliyyətinin ikinci mühüm istiqaməti isə Azərbaycanın marağını təşkil edən, ölkəmiz barədə məlumatları təmsil olunduğu ölkələrdə və beynəlxalq təşkilatlarda təşviq və təbliğ etməkdir. Bu iki növ fəaliyyət istiqaməti bundan öncə olduğu kimi, hazırkı mərhələdə, habelə gələcəkdə diplomatlamızın fəaliyyətinin əsas istiqamətləri olacaq”. 
 
 

T. Zülfüqarova görə,  müasir dövrün tələbi təbliğat prosesinə daha ciddi önəm verməyi diktə edir:

"İndiki mərhələdə əsas fəaliyyət istiqamətimiz təbliğatla bağlı olmalıdır. Bunun üçün daha ciddi çalışmaq gərəkdir. Azərbaycanın indiki vəziyyətini, düşmən tərəfdən ölkəmizə qarşı edilən cinayətlərin həcmi, dəyən zərərlər və s. məlumatları dünya miqyasında daha geniş auditoriyaya çatdırmalıyıq. Bu mənada diplomatlarımız tərəfindən olduqları ölkə və beynəlxalq təşkilatlarda təbliğat işlərini genişləndirmələrini əsas vəzifələrdən biri hesab edirəm”. 

Rüfət Sultan