Edama məhkum edilmiş azərbaycanlıya beynəlxalq mükafat verildi

Edama məhkum edilmiş azərbaycanlıya beynəlxalq mükafat verildi

İsveç vətəndaşı olan güney azərbaycanlı alim Əhmədrza Cəlali beynəlxalq mükafata layiq görülüb.

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan və barəsində edam hökmü verilən Əhmədrza Cəlalinin xanımı Vida Mehranniya onun beynəlxalq "Academic Freedom” mükafatına layiq görüldüyünü açıqlayıb.

O bildirib ki, həyatı yoldaşının adından mükafatı almaq üçün ona müraciət olunub.

"Academic Freedom” mükafatı Belçika Universitet Professorları Assosiasiyası tərəfindən verilir.

Beynəlxalq Əfv Təşkilatı oktyabrın 17-də güneyli alimlə bağlı yeni bəyanat yayıb. Bəyanatda İran hökumətindən Əhmədrza Cəlalinin barəsində çıxarılan edam hökmünün ləğv olunması və dərhal azadlığa buraxılması tələb edilib.

Professor Cəlali İsveç vətəndaşıdır. O, İranda "İsrail kəşfiyyatına casusluq etmək” ittihamı ilə edama məhkum olunub, hazırda Evin həbsxanasında saxlanılır. Alim barəsində irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamların heç bir əsası olmadığını bildirib.

BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı dəfələrlə İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif sahələr üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını istəyib.

Əhmədrza Cəlali 2016-cı il aprelin 24-dən həbsdədir. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında onu edama məhkum edib.

O, Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

Azərbaycanlı alim dəfələrlə həbsdə ona olan təzyiqlərə görə aclıq aksiyası keçirib.//Teleqraf.com 

XƏBƏRLƏR
BLOGLAR
X