"ƏDV Geri Al” kampaniyasında nağdsız dövriyyə 50 manat, nağd dövriyyə üçün isə 30 manata çatdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Azərbaycanda "ƏDV Geri Al” kampaniyasının daha geniş vüsət alması üçün hansı addımların atılmasına ehtiyac olduğundan danışarkən deyib.
O bildirir ki, prosesdə cəlbediciliyi artırmaq lazımdır:
"Təxminən 1000 manatlıq dövriyyə üçün 22 manat nağdsız, 15 manat isə nağd pul ƏDV olaraq geri ödənilir. Yaxşı olar ki, bu göstərici artırılsın. Nağdsız dövriyyə 50 manat, nağd dövriyyə üçün isə 30 manata çatdırılsın. Belə olarsa, insanlar qəbzlərin tələb edilməsi prosesində daha çox maraqlı olar. Bu da uzun müddətli dövrdə biznesin leqal çalışması mədəniyyətini formalaşdırar, həm də dolayısı ilə zəncirin digər halqalarında da fəaliyyətini leqallaşdırar”.
Digər tərəfdən, ekspertə görə, 8 faizlik sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə ticarət və iaşə müəssisələrinin ödədiyi verginin bir qisminin geri qaytarılması mexanizmi də işlənməlidir:
"Bu hal müəyyən qədər yan təsirlərin qarşısını ala bilər. İndiki halda dövriyyəsi 200 min manatdan aşağı olan ƏDV ödəyicisi olmayan sahibkarlıq subyektlərinin rəqabət qabiliyyəti zəifləyir. Gələcəkdə bu məqamı aradan qaldıran hansısa mexanizm işlənməlidir ki, kiçik və orta sahibkarlıq subyektləri prosesdə uduzmasın. Ən azından 8 faizlik sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən pərakəndə ticarət və iaşə müəssisələrinin ödədiyi verginin bir qisminin geri qaytarılması mexanizmi də işlənməlidir”.
R. Həsənov qeyd edir ki, mövcud şərtlər daxilində "ƏDV Geri Al” kampaniyası cəmi 30-40 faiz öz hədəfinə çatıb:
"Müəyyən qədər insanda çeklərin tələb edilməsi mədəniyyəti formalaşıb. Bu da qismən dövriyyənin leqallaşmasına gətirib çıxarıb. Eyni zamanda, bazarda pərakəndə ticarət müəssisələri arasında müəyyən rəqabət də yaradıb”.
Rüfət Sultan
Şərhlər