Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.
Qaynarinfo "Qafqazinfo”ya istinadla xəbər verir ki, Ə.Əhmədov həmin illərdə nazirliyin işçilərinə maddi yardım verilməsi məqsədilə ayrılmış puldan 265 883 manat vəsaiti əməkdaşlara verməyərək özü mənimsəyib. Xüsusi xərclər üçün ayrılmış 211 330 manatın cəmi 18 120 manatını xərcləyib, qalan vəsaiti isə mənimsəyib.
İşçilərin həvəsləndirilməsi üçün ayrılmış 1 milyon 535 min 483 manatdan əməkdaşlara 50-150 manat arası ödəniş edib, bəzi qurumların işçilərinə ümumiyyətlə mükafat verməyib. 1 milyon manat külli miqdarda vəsaiti mənimsəyib.
Xaricə ezam olunduğu sənədlərdə göstərilmiş əməkdaşlar xaricə ezamiyyətə getməyib, bunun üçün ayrılmış 186 970 manatı Əhməd Əhmədov özünə götürüb. Dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə ayrılmış 65 000 manat vəsait "TEMA” şirkətinə köçürülüb. Şirkətindən hər ay 380 manat olmaqla, cəmi 11 400 manat dəyərində dəftərxana və təsərrüfat malları alınıb, qalan 53 600 manat vəsaiti mənimsənilib.
Əməkdaşlar üçün dərman preparatlarının alınmasına ayrılan 29 000 manata heyvan dərmanları alınıb və Əhməd Əhmədova məxsus fermaya göndərilib.
Yanacaq-sürtkü materiallarının alınması məqsədilə 1 milyon 175 min 385 manat 10 qəpik pulun 760 725 manat 10 qəpiyinə yanacaq alınıb, qalan pulun 228.000 manatı nağdlaşdırılaraq mənimsənilib, 186 660 manatlıq yanacaq-sürtkü materialları isə Ə.Əhmədovun şəxsi işlərinə sərf olunub.
DİN-də şəxsi heyətin geyim formalarının alınması məqsədilə 2 milyon 454 min 893 manat vəsaitdən 836 738 manatlıq inventar alınaraq işçilərə paylanılıb, qalan 1 milyon 618 min 155 manat mənimsənilib.
Yol boyası və qatqı maddələrinin alınması üçün 1 milyon 250 min 427 manat "TEMA” şirkətinə köçürülüb. Həmin vəsaitdən Naxçıvan MR Nazirlər Kabinetinin 2015-ci il 18 iyun tarixli sərəncamına əsasən Türkiyə Respublikasından 146 250 manat dəyərində 10 ədəd motosiklet, dəbilqə və siqnal sistemi alınıb.
Qalan 1 milyon 104 min 177 manat, həmçinin avadanlıq alınması üçün ayrılan 47 585 manat heç bir sənədləşmə aparılmadan məxaricə silinərək, cəmi 1 milyon 151 min 762 manat mənimsənilib.
Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər