Ölkə 16:51 25.11.2022

Ekoloji problemlərə yol açan fəlakətlər və onların qarşısının alınması

(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə hazırlanıb)

Müasir dövr dünyasının ən böyük problemlərindən biri də ətraf mühitin qorunması və ekoloji problemlərə yol açan fəlakətlərin qarşısının alınmasıdır. Bu gün demoqrafik artım, iqtisadiyyatın, o cümlədən, sənayenin inkişafı, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatın da kəskin şəkildə artması da bir başa ekologiyaya mənfi təsir edən amillərdən biri halına çevrilib.

Ekologiya və ətraf mühitin qorunması isə insanların yaşaması üçün lazım olan əsas ünsürlər hava və suyun çirkləndirilməməsi bütün dünyada insanların sağlam şəkildə yaşamasının ən vacib şərtlərindən biridir. 

Ətraf mühitin mühafizəsi nədir və niyə bu qədər vacibdir?

Ətraf mühit insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusudur. Ətraf mühitdən istifadə edərkən gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə etmək lazımdır. Ətraf mühitin mühafizəsi dedikdə isə ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması nəzərdə tutulur. Bu da Azərbaycan respublikasının qanunları ilə tənzimlənir. 
Ətraf mühitin qorunması təkcə bir dövlətin üstünə düşən vəzifə deyil, eyni zamanda bununla bağlı əməkdaşlıq olmalı, bu məsələlərdə birgə fəaliyyət göstərmək lazımdır. 

Hələ 1962-ci ildə BMT-nin 17-ci Baş Məclisində "Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub. Qətnaməyə əsasən, təbiətin mühafizəsi bu təşkilata üzv bütün dövlətlərin bilavasitə vəzifəsidir. Qətnamədə qeyd olunub ki,  təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə aparılmalıdır. 1972-ci ildə İsveçin paytaxtı Stokholmda BMT-nin ətraf mühit məsələsi üzrə konfransı keçirildi. Bu konfransda ətraf mühitin mühafizəsi haqqında bəyannamə qəbul olundu. Daha sonra isə 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan edilib.

Bütün bu yuxarıda sadaladıqlaımızın nəticəsində ekoloji tarazlıq pozulur və bunun nəticəsində bir çox ekoloji problemlər ortaya çıxır. 
Təəssüf ki, Azərbaycan da bu ekoloji problemlərdən yan qaça bilməyib.  

Su ehtiyatlarının çirklənməsi, içməli su mənbələrinin azalması

Bu gün hətta ölkəmizi də narahat edən ekoloji problemlərdən biri su ehtiyatlarının çirkləndirilməsi və ya içməli su mənbələrinin azalmasıdır. Ekoloji təhlükəsizliyin təmin olunması üçün sudan səmərəli istifadə artıq çox vacib şərtlərdən biri olub. Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, su obyektlərinin, o cümlədən, transsərhəd çayların çirkləndirilməsi, tullantı sularının idarə olunması, təmizlənmədən su hövzələrinə axıdılması daxildir.  


Son bir neçə il ərzində Kür çayında suyun səviyyəsinin azalması isə çay ətrafı ərazilərdə yaşayıb, onun suyundan istifadə edən əhalinin suya olan ehtiyacını qarşılamaqda çətinlik yaradıb. Bunun üçün müxtəlif tədbirlər planı hazırlansa da, biz hələ də Kürün qurumaqda olduğunun şahidi oluruq. Hətta alimlər xəbərdarlıq edib ki, yaxın dövrlərdə bu ərazilərdə yaşayan insanlar köçürülə bilər. Bundan əlavə, Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur .

Qeyd edək ki, insan ömür boyu 50 tona qədər su içir. Hər insana təxminən bir gündə 2.5-3 litr su lazımdır. Ayda isə 150-200 litr. Buna görə də bu istiqamətdə insanları maarifləndirmək çox vacibdir.

Sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi

Hazırda bütün dünyada iqtisadiyyatın inkişafı, elm və texnologiyanın tərəqqisi, ekoloji və ətraf mühitin mühafizəsi baxımından daha böyük narahatlıq yaradır. İndi iqtisadi, siyasi, texnoloji və s. səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb. Urbanizasiyada get-gedə daha da artır. "Şəhərləşmə” çoxaldıqca sənaye mərkəzlərindən havaya buraxılan tullantılar havanın çirklənməsinə səbəb olur. Bundan əlavə, şəhərləşmə çoxaldıqca avtonəqliyyat vasitələrinə də tələbat çoxalır və bu da havanın çirklənməsinə səbəb olur. 
 


Kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması

Torpaq yerin üst münbit qatı olmaqla aqrar sahənin əsas istehsal vasitəsidir. Ölkəmizin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan versə də, torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyil.

Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Torpaqların səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməli kənd təsərrüfatı bitkilərinin fenoloji və bioloji inkişaf xüsusiyyətlərindən asılı olaraq optimal aqrofon yaradılmalıdır. Lakin torpaqdan düzgün istifadə olunmadıqda onun faydalı xassələri tədricən itərək məhsul yetişdirilməsi üçün yararsız hala düşür. Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat yalnız məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və s. çatışmazlıqlara gətirib çıxarır.
 
 

Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə, ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şoranlaşmış (o cümlədən 220537 ha çox şiddətli), 1339 min hektarı (o cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şoranlaşıb. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi sahəsində ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımı səmərə vermədiyini nəzərə alaraq,  birinci növbədə bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. 

Səhralaşmanın əsas səbəblərini otlaq sahələrində mal-qaranın və davarların normadan artıq saxlanılması və otarma qaydalarına düzgün əməl edilməməsi şumun və suvarmanın düzgün aparılmaması, bitki örtüyünün məhv edilməsi, ağır və iriqabaritli texnikanın dağıdıcı təsiri, torpağın, havanın, suyun sənayenin təsiri nəticəsində çirklənməsi ilə izah etmək olar.

Tullantıların tələb olunan səviyyədə idarə olunmaması

Ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusi ilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Artıq Avropa Birliyi ölkələri plastik qablardan imtina edir. Bununla bağlı hələ 2019-cu ildə sənəd qəbul edilib. Amma Avropa Birliyinin bütün ölkələri 2021-ci ilin iyulun 3-dən bazarlardan bütün birdəfəlik plastik məmulatlar yığışdırılıb. 
 


Azərbaycan da bununla bağlı qanun qəbul edib, 2021-ci il iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan olunub. Ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulub. Qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Bundan əlavə 2022-ci il yanvarın 1-dən etibarən ölkədə polietilen torbaların satışı, istehlakçılara verilməsi qadağan edilib.

Biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması

Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Biomüxtəlifliyin itməsi həm də insan həyatına mənfi təsir edən amillərdəndir. Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır:

dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları. 
 


Azərbaycanda qorunan ərazilərin yaradılmasını şərti şəkildə 3 mərhələyə bölmək olar: I mərhələ - ilk xüsusi mühafizə olunan təbiət ərazisinin yaradılması (Eldar şamı Botaniki Yasaqlığı – 1910-cu il), II mərhələ - qoruq və yasaqlıqların yaradılması (1925-1936-cı illərdə Göygöl, Qızılağac, Zaqatala, Hirkan, 1958-1993-cü illərdə Türyançay, Şirvan, Ağgöl, Pirqulu, İsmayıllı, İlisu, Qaragöl yasaqlıqları), III mərhələ - 2003-cü ildə ilk milli parkların yaradılması.
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir.

Ölkədə bu sahədə görülən dövlət proqramları 

Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir. Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin ölkəmizə aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. . Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. 
16 may 20220-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunması qərara alınıb. 
 
 

Bundan əlavə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, "Yerin təkinin geoloji öyrənilməsinə və mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər proqramlar çərçivəsində tədbirlər həyata keçirilir.

Bununla yanaşı, "Azərbaycan Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət Proqramı”nın və "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihələri hazırlanır.

Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə addımlar atılır.
 
"Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Qərarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli, 308 nömrəli Qərarı qəbul edilmişdir. Bu sənədin təsdiqi ilə ödəmə normativləri dövrün tələblərinə uyğun təkmilləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə "Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.
 
Ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir standartlara uyğun təşkili, müvafiq infrastrukturun yaradılması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 675s nömrəli Sərəncamı ilə "İşğaldan azad edilmiş ərazilər daxil olmaqla, ölkə üzrə bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar Komissiya” yaradılıb.

Təmiz ekoloji mühitin yaradılması istiqamətində su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması, müşahidə və monitorinq sistemlərinin modernləşdirilməsi, atmosfer havasının mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təfəkkürün artırılması əsas prioritet istiqamətlərdəndir.

2023-2025-ci illər üçün ekoloji siyasətin əsas istiqamətləri üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istehsalçıların genişləndirilmiş məsuliyyəti prinsipinin tətbiqi; tullanrıların uçotu sisteminin təkmilləşdirilməsi, tullantıların idarə edilməsi ilə bağlı maddi-texniki bazanın və infrastrukturun müasirləşdirilməsi; faydalı qazıntıların hasilatı prosesində müvafiq qanunvericiliyin tələblərinin icrasına nəzarətin gücləndirilməsi; BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə tədbirlərin görülməsi;atmosfer havasının mühafizəsi, o cümlədən avtomobil parkının yenilənməsi və ekoloji təmiz nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların artırılması və mühafizəsi; iqtisadiyyatın bütün sahələrinin inkişafı prosesində ətraf mühitin mühafizəsi tələblərinin ön plana çəkilməsi;biomüxtəlifliyin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturunun inkişafı; ekoturizmin inkişafı; istehsal müəssisələrində aztullantılı və tullantısız qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi; "Yaşıl iqtisadiyyat”ın inkişafı, xüsusilə kiçik və orta müəssisələrin fəaliyyətinin yaşıllaşdırılması; suların dövlət uçotunun təkmilləşdirilməsi; yerin təkindən istifadənin norma və qaydalarının təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi; ekoloji standartların beynəlxalq tələblərə uyğunlaşdırılması və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi; lay sularının ərazidən kənarlaşdıraraq idarə olunması, neft şlamlarının zərərsizləşdirilməsi və ya anbarlaşdırılması; neft məhsulları və digər maddələrlə çirklənmiş ərazilərin – torpaqların, göl və gölməçələrin bərpası; meşə sahələri barədə məlumatların dəqiqləşdirilməsi, meşə quruluşu (inventarizasiya) işlərinin aparılması; meşə ilə örtülü sahələrin miqyasının artırılması, o cümlədən aqromeşə massivlərinin salınması; enerji səmərəliliyinin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; su ehtiyatlarından səmərəli istifadə, itkilərin azaldılması, alternativ su mənbələrindən, o cümlədən təmizlənmiş tullantı sularından təkrar istifadə; mineral xammala tələbatın yerli ehtiyatlar hesabına ödənilməsi məqsədi ilə geoloji axtarış və axtarış-qiymətləndirmə işlərinin genişləndirilməsi; mineral və termal su ehtiyatlarının potensialından səmərəli istifadə olunması; şirin su və dəniz əmtəə akvakulturasının inkişafı; təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, hidrometeoroloji müşahidə və monitorinq sisteminin modernləşdirilməsi; geodeziya və kartoqrafiya sahəsində strateji əhəmiyyət kəsb edən coğrafi məlumat sisteminin yaradılması; ekologiya sahəsində kadr potensialının gücləndirilməsi və əhalinin ekoloji maarifləndirilməsi.
 
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.