İyunun 11-də, saat 15.00-da ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.
"İclasa Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də dəvət edilib. İclasda "Bank Standard"ın maliyyə vəziyyəti və ləğv prosesi, habelə Kreditorlar Komitəsinin yeni tərkibinin müəyyən edilməsi, o cümlədən Komitənin sədrinin və katibinin dəyişdirilməsi məsəsi müzakirə ediləcək. Komitə sədri olaraq mən istefa verəcəyəm. Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini iyunun 4-nə qədər mənə ünvanlaya bilərlər", - deyə Ə.Həsənov qeyd edib.
Bundan başqa, hüquqşünas bildirib ki, Kreditorlar Komitəsinin Əsasnaməsinə görə iclasda yetərsay, onun üzvlərinin 2/3 hissəsi qədərdir: "Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvlərinin sayı məndən başqa, 26 nəfərdir. Bunlardan da 20-si Komitəyə ADIF-in təşəbbüsü ilə daxil edilib. Amma bu üzvlərin əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir. Odur ki, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələlərin (Komitə sədri və katib seçkisi) həll edilməli olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, "Bank Standard"ın təxminən 45 min kreditoru var”.
Ə.Həsənovun sözlərinə görə, bəzi əmanətçilər iclasın daha yaxın tarixdə keçirilib-keçirilməməsi barədə ona müraciət edir: "Xatırladıram ki, Komitənin Əsasnaməsinə görə onun növbəti iclasının tarixi əvvəlki iclasda müəyyən edilir. Bu tarix də müəyyən edilib – 11 iyun. Əsasnaməyə görə növbədənkənar iclasın keçirilməsi haqda təşəbbüsü sədr, ADIF və Komitə üzvlərinin 2/3 hissəsi irəli sürə bilər. Mənə heç kəs tərəfdən fərqli tarix barədə rəsmi müraciət edilməyib. Bundan sonra edildiyi halda belə, təşəbbüskar təbii, daha yaxın tarixdə iclasın hansı səbəbdən keçirilməsi zərurətini əsaslandırmalıdır. Çünki hər bir halda növbəti iclasa 2 həftə qalıb və həmin 2 həftənin, yəni 14 günün yarısı (7 gün) qeyri-iş günüdür. Başqa sözlə, daha tez tarixdə iclasın keçirilməsi hazırlıq baxımdan praktiki olaraq mümkün deyil. Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın”.
Şərhlər