"Bu və ya digər ölkədə səfirliyin açılması ilk növbədə ikitərəfli münasibətlərin inkişafı üçün gərəklidir. Ona görə, Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı gəlib çatıb”.
Bu sözləri modern.az-a Ermənistanın İsraildə səfirlik açmaq qərarı haqqında danışarkən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib.
O qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra demək olar bütün ölkələr İsraildə səfirlik açıb:
"Azərbaycan da bu səfirliyi açmalıdır. İran faktorunu isə nəzərə almağa ehtiyac yoxdur. Bizim də çox məsələlərdən xoşumuz gəlmir. Məsələn, İran Ermənistanla yaxşı münasibətləri qoruyub, saxlayır. Bir çox məqamlarda rəsmi Tehran Azərbaycanın mənafeyinə zidd addımlar atıb. Ona görə, ikitərəfli münasibətləri nəzərə almağımız daha əlverişli olar”.
Zülfüqarov Ermənistanın İsraildə səfirlik açmasının İran tərəfindən kəskin qarşılanacağını düşünmür:
"Ermənistanı bir kənara qoyaq, Türkmənistanın, Türkiyənin, digər İslam ölkələrinin, hətta bəzi ərəb ölkələrinin də İsraildə səfirliyi, yaxud diplomatik əlaqələri mövcuddur. Hər halda biz də öz maraqlarımızı güdməliyik. Erməni diasporu orada da fəaldır və parlamentə təsir göstərmək imkanları var. Bunun qarşısını almaq, dost ölkə ilə əlaqələri gücləndirmək üçün ciddi iş aparılmalıdır. İsrail bizim üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli partnyordur”.
Qeyd edək ki, Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.
Şərhlər