Xəbər lenti

Ekspert Azərbaycan hərbçilərinin İrana səfərini şərh etdi
Siyasət 13:43 27.02.2020

Ekspert Azərbaycan hərbçilərinin İrana səfərini şərh etdi

"Azərbaycan və İran qonşu olmaqla yanaşı, həm də dost ölkələrdir. Bu ölkələr arasında hərbi sahədə əlaqələrin mövcud olması vacibdir. Hər iki dövlərin başçıları və güc strukturlarının rəhbərləri də bu məsələni nəzərə alaraq, daim öz təmaslarını davam etdirirlər”.

Bunu "Report” açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycanın hərbi nümayəndə heyətinin İrana səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərindəki görüşü haqqındakı qərar hökümətlərarası komissiyanın toplantısında qəbul olunub:

"Bu prosedur qaydası hökümətlərarası komissiyanın toplantısında qəbul olunub. Azərbaycan və İran dövlətlərinin Silahlı Qüvvələri arasında əməkdaşlığın mövcud olması məqsədəuyğun hesab edilib. Bəzi şayiə xarakterli informasiyalara baxmayaraq, Azərbaycan və İran Müdafiə nazirlikləri arasında təmas daim var. Bu da regional təhlükəsizliyə, Silahlı Qüvvələr arasındakı əməkdaşlığın mövcud olmasına və zərurət yarandıqda hərbi-texnika baxımından müəyyən satınalmaların həyata keçirilməsi istiqamətindədir. Həm ordular arasında, həm də hərbi-sənaye istiqamətində Azərbaycan-İran əməkdaşlığı var.

"Azərbaycan və İran Müdafiə nazirlikləri arasında təmas daim var. Bu da regional təhlükəsizliyə, Silahlı Qüvvələr arasındakı əməkdaşlığın mövcud olmasına və zərurət yarandıqda hərbi-texnika baxımından müəyyən satınalmaların həyata keçirilməsi istiqamətindədir"

Hələ 2016-cı il Aprel döyüşlərində Azərbaycan tərəfindən belə bir açıqlama yayılmışdı ki, döyüşlərdə istifadə olunan artilleriya vasitələrindən bəziləri məhz İran istehsalıdır, onlardan alınıb. Bu mənada iki dövlət arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də yaxşı münasibət var. Bu münasibətin qorunub-saxlanması da vacibdir. Görüşdə hansı məsələlərin müzakirəsi haqqında dəqiq müfəssəl məlumat olmasa da, onu bildirmək istəyirəm ki, bu səviyyədə olan hər bir görüş münasibətlərin daha da istiləşməsinə, yaranan suallara cavabların tapılmasına gətirib çıxarır. İran böyük və qədim dövlətdir. İran ordusu regionun ən güclü orduları sırasındadır. Bu ordunun döyüş təcrübəsi, silahlı texnika istiqamətində əldə etdiyi uğurlar bizim üçün maraqlıdır. Görüş həm Azərbaycan, həm də İran üçün yalnız faydalı ola bilər. Bu iki xalq bir-birinə genetik, milli kimlik, mədəniyyət baxımından da yaxındırlar. Bu xalqların dostluq, qarşılıqlı əməkdaşlıq, müsbət tendensiyalara əsaslanan əlaqələrinin olması çox vacibdir.

Azərbaycan ordusu qarşısına İran ordusuyla hər hansı inteqrasiyanı nəzərdə tutmasa da, bu məsələdə istənilən halda mənfi yanaşma olmamalıdır. Bizim ordular arasında informasiya mübadiləsi, texnika ilə bağlı müəyyən suallar yarandıqda bir-birimizlə əməkdaşlıq etməyimiz labüddür”.

Hərbi ekspert İranda geniş yayılmış koronavirus təhlükəsi haqqında sualı da cavablandırıb:

"Virusla bağlı təhlükəli artıq hərbi məsələyə baxmır. Hərb yeganə sahədir ki, qarşıda ölüm olsa da ora istiqamətlənmək hərbçinin əsas vəzifəsidir. Yəni, hərbçi təhlükələrə qarşı gedən dövlət xidmətçisidir. Bu məsələ bir az fərqlidir. Hər halda təhlükələr hər zaman var və bu təhlükələrin qarşı bütün tədbirlər özlüyündə nəzərə alınıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->