Ekspert: “Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində ideal şərait yaradılıb” (FOTOLAR)

Ekspert: “Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində ideal şərait yaradılıb” (FOTOLAR)

"NATO-nun hərbi hissələrində də olmuşam. Bizim indiki hərbi hissələr heç də onlardan geri qalmır. Hətta deyərdim ki, bəzi parametrlərinə görə onlardan daha yüksəkdir".

"Son illərdə Azərbaycan Ordusu üçün xeyli sayda yeni hərbi hissələr tikilib, bəziləri əsaslı təmir olunub, müasir tələblərə cavab verən formada yenilənib. Təbii ki, bütün bunlar ordunun müdafiə potensialının, döyüş qabiliyyətinin artırılmasına xidmət edən addımlardır. Əgər torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlər yenidən başlasa, bunların hər biri Azərbaycan Ordusunun daha geniş miqyaslı, daha ciddi əməliyyatlar keçirməsinə şərait yaradacaq”.

"MediaPost" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, yeni hərbi hissələrin tikilməsi həm də əsgərlərin məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəlib: "Həmçinin, bu işlərin aparılması hərbi hissələrin texnika parklarının uyğun şəraitdə saxlanılması, qorunması, onlara texniki qulluğun göstərilməsi üçün də ideal şəraiti təmin edir. Buna görə də bu işlər müsbət addımdır. Hesab edirəm ki, gələcəkdə bu işlər davam etdiriləcək”.



Ə.Verdiyev qeyd edib ki, əvvəlki illərlə müqayisədə hazırda bu sahədə Azərbaycan Ordusunda vəziyyət müsbət cəhətdən çox dəyişib: "Hazırkı hərbi hissələr müasir tələblərə cavab verir. Zakir Həsənov 2013-cü ildə Müdafiə naziri təyin ediləndən sonra Azərbaycan Ordusu üçün hərbi hissələr tikilməyə başladı. 2013-cü ilə qədər olan dövrlə hazırkı vəziyyət arasında müsbət mənada çox böyük fərq var. İndiki şərait heç bir halda əvvəlki dövrlə müqayisə edilə biləcək bir səviyyədə deyil.

Mən şəxsən ön xətdə bir neçə dəfə olmuşam, hər il ora gedirəm. Burada əvvəlki dövrlərə baxanda yerlə göy qədər fərq görürəm. Son illər çox işlər görülüb, hətta 2013-cü ilə qədər hərbi hissələrdə vəziyyət sıfır səviyyədə idi.

Düzdür, o dövrlərdə bir-iki iş görülmüşdü. Onun da əsas səbəbləri var idi. Çünki xaricdən qonaqlar, nümayəndə heyətləri gəlirdi. Yəni kütləvi bir inşaat işləri heç vaxt aparılmamışdı. Hazırda hərbi hissələrin hər birinin anbarının işıqlandırılma və soyutma sistemi, çamaşırxana xidməti fəaliyyət göstərir. Mənim xidmət apardığım dövrlərdə bunların hamısı arzu idi, amma reallıqda mövcud deyildi.



Mən NATO-nun hərbi hissələrində də olmuşam. Bizim indiki hərbi hissələr heç də onlardan geri qalmır. Hətta deyərdim ki, bəzi parametrlərinə görə onlardan daha yüksəkdir. Onu da qeyd edim ki, yeni tikilən hərbi hissələrin bəziləri modul tiplidir. Yəni sabah hərbi hissənin yerini dəyişmək lazım olsa, yaxud da irəliləyişlər olsa, hərbi hissəni tamamilə götürüb, bir yerdən digər yerə daşımaq mümkündür. Bunların hamısı kifayət qədər ciddi adımlardır. Bu da ordunun hazırlıqlarına müsbət təsir edir”.

Ekspertin sözlərinə görə, son dövrlər görülən işlər nəticəsində əsgərlərin yeməyinin hazırlanmasına, paltarlarının yuyulmasına artıq vaxt sərf olunmur: "Bir sözlə, hazırda Azərbaycan Ordusu üçün ideal şərait yaradılıb. Artıq əsgərin diqqəti və zamanı da döyüş hazırlığının yüksəldilməsinə yönəldirilir. Biz əvvəllər bir paltarı yuyub iki gün quruda bilmirdik. İndi isə əsgərlər üçün yaradılan şərait yüksək səviyyədədir”.
 




XƏBƏRLƏR
BLOGLAR