Ekonomiks 13:25 25.03.2020

Ekspert: “Neftçilər “Neft Daşları”nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar”

Hazırda ölkədə "Evdə qal” kampaniyası keçirilir. Ancaq Azərbaycanın dənizdə çalışan neftçiləri "İş başında qal” devizi irəli sürüblər. Onlar dənizdəki vaxtları dəyişməmək şərtilə karantinin sonuna qədər iş başında öz işlərini davam etdirəcəklərini bildiriblər.

Bunu "MediaPost”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu da, əslində dənizin bir növ onların öz evlərinin olması anlamına gəlmiş olur: "Onlar "Neft Daşları”nı özlərinin evləri hesab etdikləri üçün bu addımı atıblar”.

İ. Şaban qeyd edib ki, neftçilərinin vaxtlarının dəyişdirilməsi əslində elə də problemli məsələ deyil: "Koronavirusun yayılması, "Neft Daşları”na düşməsi anlamına gəlmək ehtimalı çox azdır. Çünki, bu günə qədər "Neft Daşları”nda heç bir virus qeydə alınmayıb. İkincisi, buradan "Neft daşları”na virusun daşınmasının qarşısının alınması da mümkündür. Çünki, dənizə gedən hər bir neftçi ciddi yoxlamalardan keçir”.



Ekspert vurğulayıb ki, ancaq hazırda bütün ölkədə "Evdə qal” kampaniyası keçirilir: "Azərbaycan neftçiləri isə məhz "Neft Daşları”ndakı öz iş yerlərini öz evləri hesab etdiklərindən, onlar belə təkliflə çıxış ediblər. Bu da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Burada isə məsələ həm qənaət, həm də psixoloji baxımdan dəstək olmaqdır.

İ. Şaban qeyd edib ki, hazırda dünyada çıxarılan neftin 3/1-i dənizdə çıxarılır: "Bu günə qədər vaxt rejiminin dəyişdirilməsi və neftçilərin dənizdə qalması ilə bağlı xəbər olmayıb. Azərbaycan neftçiləri bu sahədə də bir ilkə imza atıblar”.

Xatırladaq ki, dünən İctimai Televiziyada yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkədə koronavirus pandemiyasının yayılmaması üçün tətbiq edilən qadağalar qüvvəyə minənə qədər Neft Daşlarında olan işçilər aprelin 20-dək növbədə qalacaq və onların əmək haqları artırılacaq.

O bildirib ki, anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır: "Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər. Neftçilərə minnətdar olmalıyıq, bu bir fədakarlıq, qəhrəmanlıqdır ki, həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar. Bu da vətəndaşların anlaşıqlı münasibətinin və milli həmrəyliyinin nümunələrindən biridir".